- Vüsal Eyvazov: "Hüceyrə terapiyası yalnız geniş müayinədən sonra tətbiq edilməlidir"
Azərbaycan Televiziyasının "Hədəf" proqramına və "Trend" İnformasiya Agentliyinə birgə müsahibəsində səhiyyə naziri Teymur Musayev dünyada aktiv şəkildə tətbiqinə başlanan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu hesab edilən hüceyrə terapiyası ilə bağlı ölkəmizdə də işlər aparıldığını deyib:
“Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq”.
Həkim alqoloq (ağrı terapevti), doktor Vüsal Eyvazov hüceyrə terapiyası barədə danışarkən bildirdi ki, bu üsul əsasən qan xərçəngi, sümük iliyi çatışmazlığı, ağır oynaq zədələnmələri və bəzi autoimmun xəstəliklərin müalicəsində tətbiq olunur: 
- Burada hər xəstəyə fərdi müalicə və yanaşma təyin olunmalıdır. Hüceyrə terapiyasının tətbiq olunduğu əsas xəstəliklər hematoloji və onkoloji xəstəliklər, leykoz, limfoma, multipl miyelom və ağır aplastik anemiya formalarıdır. Genetik qan pozğunluqları, məsələn, Azərbaycanda geniş yayılan Talassemiya (böyük talassemiya) və Oraqvari hüceyrəli anemiya, ortopedik xəstəliklərdə məsələn, diz osteoartriti, yəni kirəclənmə, menisk və qığırdaq zədələnmələri, vətər travmalarıdır. Autoimmun və nevroloji xəstəliklərdən dağınıq skleroz, sistemli qırmızı qurd eşənəyi – lupus, dəri problemləri arasında sağalması çətin olan ağır yanıqlar, dəri defektləri və saç tökülməsində istifadə oluna bilər. Hüceyrə terapiyası hər xəstəlik və hər pasiyent üçün eyni dərəcədə effektiv deyil. Müalicənin uyğunluğu yalnız ixtisaslı həkim tərəfindən geniş analizlərdən sonra müəyyən edilməlidir. Məsələn, qan xəstəliklərində kök hüceyrə köçürülməsi standart və sübut olunmuş metoddur. Lakin bəzi nevroloji və ya estetik sahələrdə tətbiqlərin bir hissəsi hələ də kliniki araşdırma mərhələsindədir. Səhiyyə Nazirliyi də bu səbəbdən müalicələrin vahid beynəlxalq standartlarla aparılmasını mütləq sayır. Fərdi yanaşma odur ki, misal üçün oynağın yeyilmə və artroz dərəcəsindən asılı olaraq xəstəyə xalis kök hüceyrə və ya ekzosom vurulması qərarı fərdi şəkildə seçilir.