“Həkim kimi utandım” - Tanınmış həkim qalmaqallı əməliyyat videosuna sərt reaksiya verdi

Paytaxtda fəaliyyət göstərən klinikalardan birində pasiyentə qeyri-tibbi şəraitdə liposaksiya əməliyyatını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Axşam.az-a açıqlama verən pasiyent əməliyyat zamanı sarsıntı, ağrı yaşadığından danışıb.

O bildirib ki, əməliyyat hazırda fəaliyyəti dayandırılan “Uğur 777” adlı kosmetoloji mərkəzdə həyata keçirilib. Onun sözlərinə görə, proseduru bir müddət əvvəl mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib. Pasiyentlə bağlı heç bir müayinə aparılmadan əməliyyata başlanılıb. Əməliyyat bitməmiş pasiyent narkozdan ayılıb, amma ona yenidən anesteziya verilməyib. Əməliyyat bitəndən sonra da güclü ağrılar içində evə göndərilib. Sonradan həkimlə də əlaqə saxlaya bilməyib ki, vəziyyəti ilə bağlı məlumat versin, məsləhət alsın və ya müayinəyə çağırılsın. Yəni, kəs-tök, burax getsin, başının çarəsinə özü baxsın. 

Qeyd edilir ki, bir müddət əvvəl estetik cərrahların lisenziya məsələsi gündəmə gələndə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi daha bir neçə şəxslə yanaşı, Abdullayeva Gülbadə Əlqismət qızının da adının tibb işçilərinin vahid reyestrində mövcud olmadığı açıqlanmışdı və bildirilmişdi ki onun tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. “Dr. Gülü” kimi tanınan G. Abdullayeva xəstələrə qarşı qeyri-etik davranışları ilə bir neçə dəfə gündəmə gəlib. Əməliyyat zamanı rəqs edən və görüntüləri sosial şəbəkədə yayılan da həmin bu Gülbadə Abdullayeva idi. Onın üzgərmə əməliyyatı keçirdiyi digər pasiyentdə də sonradan ciddi problemlər yarandığı, üz sinirlərinin zədələndiyi qeyd edilir. 

Tanınmış həkim-radioloq Aydın Əliyev “Sherg.az”a açıqlamasında estetik cərrahiyyə sahəsindən uzaq olmasını əsas gətirərək konkret bu əməliyyatla bağlı rəy bildirməsinin doğru olmadığını dedi. Lakin bir həkim olaraq ümumi nyuansları açıqladı: 

- O videonu görmüşəm, çox təəssüf hissi keçirdim. Bu cür həkimlik fəaliyyətinə görə, şəxsən mən bir həkim olaraq utandım. Qeyri-normal bir şərait gördüm. Xəstə qışqırır, üzəri açıq qalıb, üzərində örtük yoxdur və kimsə onun bu halında çəkiliş aparır. Kimsə qapıdan baxır... Bu, Azərbaycan səhiyyəsi adına utancdır. Əgər həkimin lisenziyası yoxdursa, onun pasiyent qəbul etməsi, müalicə təyin etməsi, əməliyyat etməsi qanunsuzdur. Bununla bağlı ciddi tədbir görülməlidir. 

A.Əliyev qeyd etdi ki, Pasiyent hüquqlarının qorunması haqqında qanuna görə, pasiyentin razılığı, icazəsi olmadan onun haqqında hər hansı bir məlumat, istər analizlərin cavabı olsun, istər hər hansı görüntü paylaşıla bilməz, buna icazə yoxdur. Çünki pasiyent haqqında məlumatlar konfedensialdır: 

- Yadımdadır, mən Almaniyaya təhsil almağa gedəndə bəlkə də 20-yə yaxın sənədə imza atdırdılar bizə, xəstə haqqında informasiyanın qorunmasıyla bağlı. Əlbəttə, pasiyentin razılığı olmadan əməliyyat zamanı çəkiliş edib sonra da onu paylaşmaq, ictimailəşdirmək nə hüquqi baxımdan, nə də etik baxımdan doğrudur.