Həkim-terapevt: Enerji içkiləri qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur

15 yaşlı gəncin yatılı vəziyyətdə vəfat etməsi xəbəri yayılıb. Sumqayıt televiziyasının xəbərinə görə, yen yeniyetmə yatmazdan əvvəl 1 litr enerji içkisi içib. 

Hadisə ilə bağlı rəyini öyrəndiyimiz həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, ölümə nə səbəb olduğu bilinmədən konkret fikir söyləmək olmaz. Bunu tibbi ekspertiza müəyyən etməlidir, yeniyetmənin hər hansı xəstəliyi olubmu, üərk qüsuru, başqa xəstəliyi və ölüm nədən baş verib. 

- Enerji içkisi burada yan təsir ola bilər. Amma demək ki enerji içkisi qəbul etdi və öldü, bu, qeyri-ciddi səslənir. İnsanın qəlb xəstəliyi ola bilər, ürək-damar sistemində qüsurlar ola bilər, yaxud hansısa xroniki xəstəliyi, baş-beyin funksiyasıyla bağlı hər hansı çatışmazlıq. Bu tibbi ekspertiza nəticəsində məlum olur. Yaxınları, valideynləri deyə bilər, uşaq nədən əziyyət çəkirdi, sağlamlıq problemləri var idimi və sair. Enerji içkilərinin ziyanlı olması isə sirr deyil, bu haqda daim danışılır, deyilir, tövsiyə edilir ki bu içkilərdən istifadə etməyin. Dinləyən varmı? Valideynlər görürük, kiçik yaşlı uşağn əlinə “Spite” verib, uşaq da içir. Deyirik, niyə verirsiniz uşağa, bu cür içkilər ziyanlıdır. Cavan verirlər ki, neyləyim, istəyir, xoşlayır. Məktəblilər əllərində “Bizon”, “Hell”, “Red Bull”... reklam olunurlar, “Red Bull” “qanadlandırır”. İnsanlar reklama qarşı həssasdır. İnsanları cəlb edirlər bununla. Adam alır, içir. Getdikcə asılılıq yaranır və daim qəbul etməyə başlayır. Ziyanları sonra üzə çıxır. 

Ş.Məmmədov enerji içkilərinin ziyanlarını sadaladı: 

- Ziyanlarını saymaqla bitməz: ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur. Onların tərkibində yüksək miqdarda kofein, taurin maddəsi olur. Bu maddələr ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar, damar tutulmaları, spazmlar yaranır. Qara ciyərdə, mədədə də problemlər yaranır. Enerjili içkiləri D vitamininin mənimsənilməsinin də qarşısını alır, vitamin çatışmazlığı yaranır. Ziyanlar bir deyil, iki deyil, çoxdur. Xüsusən erkən yaşlarda, yeniyetməlik dövründə salam qidalanmağa çalışılmalıdır ki orqanizm güclənsin, düzgün inkişaf etsin.