- Ağa Salamov: "Laboratoriya yoxlamasından keçməyən məhsullar ölkəyə buraxılmamalıdır"
Çindən idxal olunan ümumi çəkisi 2 ton təşkil edən çörək qırıntıları (panko) məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bu barədə AQTA-nın məlumatında bildirilir ki, “Premium Food Baku” MMC tərəfindən idxal olunan məhsul "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olub. "Laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib", - məlumatda vurğulanıb.
Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında bildirdi ki, panko məhsuluna ölkəmizdə tələbat çoxdur:
"Amma təəssüf ki, bizim çörək zavodları bu məhsulun istehsalı ilə məşğul olmur. İri dənəli pankolar istehsal edilə bilər. Pankoya əhali arasında suxarı deyilir. Nəyə görə tələbat azdır, ona görə ki, suxarı istehsal olunmur. İstehsal olunanlar da yaponların istehsal etdiyi kimi iri dənəli deyil, xırda dənəlidir. Panko yemkləri var, xırçıldayan balıq, xırçıldayan toyuq, toyuq dırnaqları, balıq barmaqları, Chicken fingers, Chicken strips və ya toyuq nagetsi, Panrlanmış balıq çubuqları, Fish and chips, Kiyev kotleti və sair kimi menyular var. Bunların hazırlanmasında Panko-lardan istifadə olunur. Restoran biznesinə aid menyulardır və onların hazırlanması üçün bu ərzağa ehtiyac var. Ona görə də idxal olunur ölkəyə. Halbuki özümüz də bunu istehsal edə bilərik.
A.Salamov qeyd etdi ki, idxal məhsullarında mitotoksin aşkarlana bilir:
- İstehsal xəttində qırılma varsa, məhsul düzgün şərtlər altında saxlanmayıbsa, nisbi rütubət qorunmursa, bu, məhsulun tərkibində mitotoksin (kif göbələklərinin əmələ gətirdiyi zəhərli maddə) əmələ gəlməsinə səbəb olur, bu da qida zəncirinin sonunda zəhərlənməyə gətirib çıxara bilir. Hətta saxlanma qaydası, istehsal partiyaları uyğun ola bilər, amma məsələn, daşınmada və ya satışda hr hansı qayda pozuntusu olacaqsa, nisbi rütubət nəzərə alınmayacaqsa, qırılmalar baş verir, kiflənmə mikotoksinlərin əmələ gəlməsinə, bu da öz növbəsində zəhərlənməyə gətirib çıxaracaq. AQTA-nın məhsuldan nümunələr götürərək yoxlaması onu deməyə əsas verir ki, laborator müayinə olunmadan heç bir məhsul ölkəyə idxal edilməməlidir.