İqlim dəyişikliyi qadınların və qız uşaqlarının sağlamlığına, təhlükəsizliyinə və sosial vəziyyətinə daha ciddi təsir edir.
Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) nümayəndəsi Bauer COP31 çərçivəsində keçirilən müzakirələrdə bildirib.
Onun sözlərinə görə, iqlim böhranı zamanı qadınlar və qız uşaqları cəmiyyətin digər qrupları ilə müqayisədə daha ağır nəticələrlə üzləşirlər. Təbii fəlakətlər zamanı onların arasında ölüm halları daha yüksək olur. Məcburi köçkün vəziyyətinə düşən hər beş nəfərdən orta hesabla dördü qadınlardır.
Bauer bildirib ki, iqlim dəyişikliyi reproduktiv sağlamlığa da ciddi təsir göstərir. Xüsusilə isti hava dalğaları hamiləlik və doğuş zamanı ağırlaşma riskini artırır. Sel və digər təbii fəlakətlər isə hamilə qadınların tibbi xidmətlərə çıxışını çətinləşdirərək ana və körpənin sağlamlığını təhlükə altına salır.
O, elmi araşdırmalara istinad edərək qeyd edib ki, hamilə qadının doğuşdan əvvəlki son bir həftədə orta hesabla 1 dərəcə daha yüksək temperatura məruz qalması ölü doğuş riskini 6 faiz artırır.
Bauerin sözlərinə görə, iqlimlə əlaqəli fəlakətlər gender əsaslı zorakılıq hallarının artmasına da səbəb olur. COP31 çərçivəsində Madaqaskarda aparılan araşdırmanın nəticələrinə əsasən, qeydə alınan məişət zorakılığı hallarının 75 faizi iqlimlə bağlı böhranlarla əlaqəlidir.
O bildirib ki, temperaturun yüksəlməsi insanlarda gərginlik və dözümsüzlüyü artıra, bu da gender əsaslı zorakılığa gətirib çıxara bilər. Eyni zamanda qadınlar və qız uşaqları kişilərlə müqayisədə daha çox köç etmək məcburiyyətində qalırlar.
Bauer vurğulayıb ki, məcburi köçkünlük zamanı məlumat və müdafiə mexanizmlərinə çıxışın məhdudlaşması qadınları və qız uşaqlarını zorakılıq qarşısında daha həssas vəziyyətə salır.
UNFPA-nın COP31-dən əsas gözləntilərindən biri iqlim dəyişikliyi ilə mübarizə üzrə Milli Fəaliyyət Planlarında reproduktiv sağlamlıq və qadınlara qarşı zorakılıqla mübarizə məsələlərinin əks olunmasıdır. Bauer bildirib ki, bu planların 50 faizindən çoxunda artıq qadınlar və qız uşaqları ilə bağlı prioritetlər nəzərə alınıb.
O, iqlim maliyyələşməsinin də vacibliyinə diqqət çəkib. Bildirilib ki, iqlim maliyyəsinin cəmi 2,3 faizi reproduktiv sağlamlıq və gender əsaslı zorakılıqla mübarizə istiqamətlərinə ayrılır. Bauer bu sahələrə daha çox maliyyə vəsaitinin yönəldilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, qadınların və qız uşaqlarının iqlim siyasətinin hazırlanması və qərar qəbuletmə proseslərində fəal iştirakı təmin edilməlidir. Bunun üçün onların bilik və bacarıqlarını artıran proqramlar həyata keçirilməli, qadınların rəhbərlik etdiyi layihələrə maliyyə dəstəyi göstərilməlidir.
Bauer çıxışında qadınlara və gənclərə iqlim böhranının həllində daha geniş imkanlar yaradılmasının vacibliyini qeyd edib. O, uşaqların və gənclərin də həll proseslərinə cəlb edilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, iqlim böhranına qarşı mübarizədə qadınların, gənclərin və xüsusilə qız uşaqlarının iştirakı təmin olunmalıdır.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) Türkiyənin ev sahibliyi ilə Antalyada keçirilir.