İt tüklərindən daha çirklidir: Kişi saqqalında rekord miqdarda mikrob tapıldı

Saqqalın dəbi keçdi, təhlükəsi başladı, tükün altında mikrob yuvası yaşayır

  Avropalı alimlərin apardığı araşdırmada kişilərin saqqalında itlərin tükündən daha çox insan sağlamlığına zərərli bakteriya olduğu sübut edilib. “European Radiology” jurnalında dərc olunan tədqiqatda 18 saqqallı kişinin dəri, tüpürcək və 30 fərqli cins itdən tük və selik nümunələri analiz edilib. Tədqiqatçılar həm insanlarda, həm də itlərdə insanlar üçün zərərli olan bakteriya koloniyalarını axtarıb. Tədqiqatlar göstərib ki, 18 kişinin hamısında, 30 itdən isə yalnız 23-də çox sayda zərərli mikrob var. Həkimlər saqqal saxlayan kişilər üçün müntəzəm gigiyenanın vacibliyini vurğulayırlar. Saqqal gündə ən az iki dəfə yuyulmalı, daranmalı, altındakı dəriyə qulluq edilməlidir, deyə mütəxəssislər xəbərdarlıq edir.

 Saqqal məsələsi, Məşədi İbadı da yada saldı. Klassik filmimiz “O olmasın, bu olsun”da saqqalında bir dənə ağ tük görən Məşədi İbad dəlləyin qarasınca deyinir: “zalım oğlu dəllək, görünür hənanı pis yaxıb. Yoox, gərək bunu çıxarım!..” Saqqal əsrlər boyu Azərbaycan kişilərinin atributu sayılıb. Ötən əsrlərə baxsaq, bir çox görkəmli şəxsiyyətləri saqqallı görərik. Fotolarda, əlbəttə ki. Amma ümumən dünya tarixinə nəzər salsaq, təkcə Şərqdə, müsəlman ölkələrində deyil, ən qabaqcıl Avropa ölkələrində də insanların saqqala meyilli olduğu görünəcək. Rusiya çarı I Pyotrun saqqalını qırxmaq istəməyən rus muşiklərinə əlavə “saqqal  vergisi” təyin etdiyi də tarixdən məlumdur. Tarixin bəzi dönəmlərində saqqal saxlamaq adi, hətta vacib qarşılandığı kimi, qadağan edildiyi vaxtları da olub. Kişilər niyə saqqal saxlayır, sualına birmənalı cavab vermək mümkün deyil. Bəlkə də çoxu dəb xatirinə, zəmanənin axarına düşərək saqqal saxlayır. Bəzənsə, dərini qorumaq üçün saqqal saxlayırlar. Dermatoloqlar bildirir ki, həssas dəri quruluşuna malik şəxslər var ki, ən kiçik toz hissəcikləri də allergik reaksiyalara səbəb olur. Bu zaman dermatoloqlar saqqal saxlamağı, dərini bir növ tüklərin altında gizlətməyi məsləhət görürlər. Amma bütün hallarda saqqala qulluq edilməlidir ki, qoruyucu olmaq yerinə xəstəlik, bakteriya və mikrob yuvasına çevrilməsin.          

 Dermatoloqlar tövsiyə edir ki, saqqalın sağlam və baxımlı görünməsi üçün müntəzəm olaraq kəsilməsi və şəkilləndirilməsi, forma verilməsi vacibdir. Saqqalı yumşaltmaq və qidalandırmaq üçün xüsusi yağlar və balzamlar istifadə edilə bilər. Bundan əlavə, saqqalın altındakı dəriyə qulluq etmək də vacibdir, çünki bu, qaşınma və qıcıqlanmanın qarşısını alır. Xüsusi saqqal yağları var ki, saqqalı yumşaldır, nəmləndirir və parlaqlıq verir. Dermatoloqların fikrinə görə, saqqal üz dərisi üçün o zaman xeyirlidir ki, üzün mütəmadi təraş edilməsi məsamələri açır və dərini bakteriyalarla üz-üzə qoyur. Bəzən dəri təraş edildikdə qırmızı səpkilər əmələ gəlir, iltihablı sızanaqlar peyda olur. Əslində, bu da müalicə tələb edən problemdir. Bu, dərinin həssaslığını göstərir, səbəblər müəyyənləşib aradan qaldırılmalıdır. Həssas dərisi olanlara bir müddət saqqal saxlamaq tövsiyə edilir. Saqqal havada gəzişən toz hissəciklərini dəridən uzaqlaşdıraraq, bir növ dəri ilə ətraf mühit arasında qalxan rolu oynayır. Bununla alllergik reaksiyaların, sızanaqların qarşısı alınmalıdır. Amma problem həll edilməlidir ki, dəri uzun müddət saqqalın altında qalmasın, nəfəs ala bilsin. Saqqal saxlanılan zamansa təmizlik və gigiyenaya riayət etmək vacibdir. Təmizlik olmadığı təqdirdə tüklərin dibi göbələk və bakteriya yuvasına çevrilir. Allergiyadan əziyyət çəkənlər üzlərini sevsə də, sevməsə də mütəmadi təraş etməlidirlər. Ən yaxşı gigiyenik, antiallergik vasitə isə təbii xına sayılır. Əgər təbii xına tapılarsa, saqqala (saça, dırnaqlara, ayaq ağrılarına, dırnaqda göbələyə qarşı) ən yaxşı, faydalı qulluq vasitəsidir. Çünki müxtəlif balzam, yağlar, boyaların tərkibindəki kimyəvi qatqılar dərini daha da zədələyə bilər.