Lavaşdan zəhərlənmə, bəli, mümkündür - Mütəxəssisdən İZAH

  • "Uzun müddət saxlanırsa və saxlanma qaydalarına riayət edilmirsə məhsulda kiflər əmələ gəlir. Kif nədir, mikotoksin. Mikotoksin isə, adı üstündədir, toksindir – zəhərdir"
  • "Naxçıvan lavaşına üstünlük verilməlidir. Çünki bu lavaşlar quru halda olur, üzərinə su səpildikdən sonra istehlak edilir. Quru olduğuna görə bakteriyalara yoluxma ehtimalı sıfıra bərabərdir"

Son günlər yas mərasimlərində zəhərlənmə nəticəsində 48 nəfər zərər çəkib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova altı ayın yekunlarına həsr olunan mətbuat konfransında danışıb. O bildirib ki, ardıcıl və oxşar əlamətlərlə baş verən bütün zəhərlənmələrdə ortaq məhsulun lavaş olduğu müəyyən edilib.

"Laborator nəticələr əldə edildikdən sonra dəqiq diaqnoz ictimaiyyətin diqqətinə çatdırılacaq. Araşdırmalar göstərib ki, sözügedən lavaş məhsulu Gəncə şəhərində qida təhlükəsizliyi qeydiyyatından keçməmiş, nəzarətdən kənar və ev şəraitində qanunsuz şəkildə istehsal olunaraq müxtəlif satış məntəqələrinə paylanılıb. Hazırda məhsulun satış nöqtələri və paylanma zənciri müəyyən edilib, məhsulun bazardan geri çağırılması istiqamətində tədbirlər həyata keçirilir", - o vurğulayıb.

Lavaşdan zəhərlənmənin mümkünlüyü barədə “Serg.az”a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirdi ki, lavaşdan zəhərlənmə, bəli, mümkündür. Çünki: 

- Lavaş qablaşdırmadan açıldıqda otaq temperaturunda uzun müddət saxlanırsa və saxlanma qaydalarına riayət edilmirsə qida təhlükəsizliyi qaydalarının pozuntusu nəticəsində məhsulda kiflər əmələ gəlir. Kif nədir, mikotoksin. Mikotoksin isə, adı üstündədir, toksindir – zəhərdir. Və bu zəhər də insan orqanizminə nüfuz etdikdə ilk növbədə allergik reaksiyası olan insanlarda fəsadlar yaradır, daha çox mənfi təsir gösərir, eyni zamanda digər insanlarda da, allergik insan oldu, olmadı, qarın ağrısı, ishal, başgicəllənmə, ürək bulanması kimi əlamətlərlə müşahidə olunur. Bəzən ağrılaşma halları da olur ki bu zaman xəstəxana şəraitində müalicə olunmaq qaçılmazdır.  

A.Salamov qeyd etdi ki, çörək, lavaş bişirilən primitiv sexlər var, hansı ki orada çalışanların bəlkə də qida təhlükəsizliyindən ümumiyyətlə heç bir anlayışları yoxdur: 

- Sexlərdə sanitar vəziyyətə, təmizliyə diqqət edilməli, istehsal prosesi, ərzağın, məhsulun saxlanma şəraitinə düzgün əməl edilməlidir. Çarpaz çirklənmə nətcəsində də məhsul qida üçün yararsız hala düşür. AQTA tərəfindən çörək sexlərinə vaxtaşırı reydlərin keçirilməsi məqsədəuyğundur. 

Mütəxəssis bildirdi ki, ev şəraitində də lavaşın saxlanmasında problemlər ola bilər. Mağazadan, marketlərdən alınan paketlənmiş lavaşları soyuducuda uzaqbaşı 1 həftə saxlamaq olar. Əgər uzun müddət saxlamaq nəzərdə tutulursa, Naxçıvan lavaşına üstünlük verilməlidir. Çünki bu lavaşlar quru halda olur, üzərinə su səpildikdən sonra istehlak edilir. Quru olduğuna görə bakteriyalara yoluxma ehtimalı sıfıra bərabərdir.