44 illik tədqiqata görə pişik sahibi olmaq gələcəkdə şizofreniya riski yaradır
Yeni bir icmal işində evdə pişik saxlamağın şizofreniya ilə əlaqəli bəzi hallarının yaranma ehtimalını artırdığı iddia edilib. Avstraliyadakı Queensland Ruh Sağlığı Araşdırmalar Mərkəzindən psixiatr Con Makkrath və onun komandası tərəfindən aparılan tədqiqat, son illərdə müzakirə mövzusu olmuş bu başlığa yenidən diqqət çəkib.
Sherg.az xəbər verir ki, komanda son 44 ildə 11 ölkədə yayımlanmış 17 tədqiqatı nəzərdən keçirərək ümumi tabloyu qiymətləndirməyə çalışıb. Bu tədqiqatların toplu analizində “pişik sahibi olmaqla şizofreniya ilə əlaqəli pozuntular arasında müsbət bir əlaqə ola biləcəyi” qeyd edilib.
Amma tədqiqatçılar vurğulayırlar ki, mövcud ədəbiyyatın keyfiyyəti olduqca dəyişkəndir və nəticələr bir-biri ilə tam uyğun deyil.
Pişik və xəstəlik əlaqəsi ilk dəfə 1995-ci ildə ortaya çıxmışdı. Toxoplasma gondii adlı parazitin bu ehtimalın əsas mənbəyi ola biləcəyi irəli sürülmüşdü. Sözügedən parazit, pişiklərin ifrazatı ilə təmas yolu ilə insanlara keçə bilir.
T. gondii-nin sinir sisteminə təsir göstərə biləcəyi, bəzi şəxsiyyət dəyişikliklərinə və psixiatrik simptomlara səbəb ola biləcəyi yönündə sübutlar mövcuddur. Lakin bu əlaqənin istiqaməti, şiddəti və ya bir pişiydən insana keçidin həqiqətən müəyyənedici olub-olmaması barədə elm aləmində ümumi rəy yoxdur.
Nəzərdən keçirilmiş tədqiqatların bir qismi, uşaqlıqda pişiklə böyümənin gələcəkdə şizofreniya riskini artıracağını irəli sürür. Lakin eyni mövzuda əks nəticələr verən tədqiqatlar da mövcuddur.
Məsələn, bəzi məqalələr müəyyən yaş aralığında pişik sahibi olmağın daha güclü bir əlaqə göstərdiyini bildirir; bəziləri isə uşaqlıq dövründə belə bir əlaqənin olmadığını irəli sürür. Bu uyğunsuzluq “kritik məruz qalma dövrü” iddiasını qeyri-müəyyən edir. ABŞ-da psixologiya tələbələri ilə aparılmış bir tədqiqat, pişik sahibi olmağın şizotip göstəriciləri ilə əlaqəli olmadığını göstərdi. Lakin pişik tərəfindən dişlənmiş şəxslərdə daha yüksək göstəricilər müşahidə edilib.
Başqa bir araşdırma isə pişik dişləməsi ilə bəzi psixoloji təcrübələr arasında əlaqə ola biləcəyini, amma bunun pişikdən deyil, Pasteurella multocida kimi fərqli bir patojendən qaynaqlana biləcəyini irəli sürdü.
Makkrath və komandası diqqət çəkir ki, incələnmiş tədqiqatların əksəriyyəti hadisə-nəzarət (case-control) dizaynına malikdir. Bu metod səbəb-nəticə əlaqəsi qurmağa uyğun deyil; ətraf mühit, sosial və genetik bir çox faktor nəticələrə təsir etmiş ola bilər.
Tədqiqatçılar mövcud nəticələrin müəyyən bir əlaqənin ola biləcəyini göstərdiyini, amma bunun “dəqiq səbəb-nəticə əlaqəsi” kimi şərh edilməməsi lazım olduğunu xüsusi vurğulayırlar.
Araşdırma “Schizophrenia Bulletin” jurnalında dərc edilib.