Məhkəmələr üçün də təhlükə var, hal şahidləri daha çox yanılır
Alimlər insan yaddaşının necə işlədiyini araşdıran genişmiqyaslı bir tədqiqat aparıblar və nəticələr yaddaşın təbiətinə dair uzun müddətdir qəbul edilən təsəvvürləri alt-üst edib. Məlum olub ki, beynimiz hər xatırlama zamanı keçmişi dəyişir və xatirələri yenidən qurur.
Sherg.az xəbər verir ki, Böyük Britaniyanın Şərqi Angliya Universiteti və ABŞ-ın Texas Universiteti (Dallas) tədqiqatçıları psixologiya, neyroelm və fəlsəfə sahələrində dərc olunmuş təxminən 200 elmi işi təhlil edərək yaddaşın necə formalaşdığına dair yeni bir nəzəri çərçivə hazırlayıblar.
“Beyniniz kompüter arxivi deyil”
İnsanlar çox vaxt epizodik yaddaşı, yəni yaşadığımız hadisələrin xatirəsini - kompüterdəki arxiv faylları kimi təsəvvür edir. Lakin araşdırmanın rəhbəri professor Lui Reno bu yanaşmanın kökündən yanlış olduğunu bildirir.
“The Debrief”-ə danışan Reno deyib: “Xatirələr kompüter faylları kimi saxlanmır. Yaddaş prosesi çox daha mürəkkəb və dəyişkəndir.”
Tədqiqata görə, xatirə yalnız real hadisəyə əsaslananda mövcud olur, ancaq biz onu xatırlayanda həmin anın tam surətini deyil, beynimizin yenidən yaratdığı versiyasını yada salırıq.
Beyin keçmiş təcrübələrdən qalan parçaları ümumi biliklərlə, əvvəlki duyğularla və hal-hazırkı vəziyyətlə birləşdirərək “yenidən kodlama” aparır. Bu səbəbdən xatirələr zamanla dəyişir, bulanıqlaşır və hətta təhrif olunur.
Araşdırmada hipokampın-beynin yaddaş mərkəzinin rolu da xüsusi qeyd edilir. Tədqiqatçılar bildirir ki, bəzi xatirələr tanış qoxu, məkan və ya sadə bir sual kimi xarici tətikləyici ortaya çıxana qədər şüursuz şəkildə “inaktiv” qalır.
Məhkəmələr üçün ciddi xəbərdarlıq
Araşdırmanın nəticələri yalnız elmi müstəvidə deyil, gündəlik həyat və hüquq sistemi üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə hadisə şahidlərinin ifadələrinə əsaslanan məhkəmə qərarlarında yaddaşın etibarlılığı məsələsi yenidən müzakirə mövzusuna çevrilə bilər.
Tədqiqatçılar bildirirlər ki, yaddaşın sabit deyil, “dinamik” bir proses olduğunun dərk edilməsi həm psixoloji müalicələrdə, həm də hüquqi qərarların verilməsində daha doğru yanaşmaların formalaşmasına kömək edə bilər.