"ABŞ da, Avropa Birliyi də Ermənistanı sülhə səsləyir"

Asim Mollazadə: "Bir neçə platformada İrəvandan konstruktiv addım atmaq tələb olunur"

"Belə görünür ki, Ermənistan hakimiyyəti, yaxud ölkədəki müəyyən dairələr hələ də miflərlə yaşayır və məkrli oyunlar oynamağa davam edirlər"

  Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Tovuz istiqamətində mövqelərimizi atəşə tutması Azərbaycan-Ermənistan rəsmiləri arasında görüş günlərinə təsadüf etdi. Ötən gün Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasındakı görüşdən sonra Ermənistan rəsmilərinin səsləndirdiyi bəyanatlar da göstərdi ki, qarşı tərəf dağıdıcı mövqeyində israrlıdır. Əslində belə məqamlarda təxribatların baş verəcəyi gözlənilən idi. Adətən tərəflər arasında görüşlərdən sonra bu cür provokasiyalar olur.

Elə baş diplomatların sonuncu görüşü də gərgin keçib və tərəflər arasında fundamental razılıq əldə olunmayıb. Bundan sonra xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı Cenevrə görüşünün yekunlarına dair fikir mübadiləsi aparılıb.
Həmçinin, sərhəddə vəziyyətin monitorinqi və nəzarət mexanizmlərinin tətbiqinin vacibliyi qeyd edilib. 

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Şərq"ə bildirib ki, rəsmi Bakı görüşlərin səmərəli keçməsi, təmasların nəticə verməsi üçün əlindən gələni edir. Deputat vurğulayıb ki, İrəvanın qeyri-konstruktiv mövqe tutması proseslərin normal məcrada getməsinə imkan vermir...

- Asim müəllim, xarici işlər nazirləri arasında təmasların intensivləşməsi hansısa nəticə verəcəkmi? 

 - Bizim də gözləntimiz odur ki, görüşlər müsbət nəticə versin və proseslər irəliyə doğru getsin. Görürsüz ki, bir neçə platformada Ermənistandan konstruktiv addım atmaq tələb olunur. Rəsmi Bakı öz təkliflərini irəli sürüb, əsas prinsiplər ortadadır. Ermənistan danışıqların imitasiyasına son qoymalı və üzərinə götürdüyü öhdəliyə qeyd-şərtsiz əməl etməlidir. Əks proses İrəvanın özü üçün problemlər yaradacaq. 

 - Noyabr ayının əvvəlində sülh müqaviləsinin bağlana biləcəyi iddia olunur. Sizcə, tezliklə sülh mümkündürmü? 

 - Əfsuslar olsun ki, Ermənistan oyun oynayır, danışıqları pozmaq üçün min cür bəhanəyə baş vurur. İrəvandan gün ərzində bir-birini təkzib edən 3 açıqlama yayılır. Azərbaycan sülhə hazırdır. Hazırda ABŞ və Avropa Birliyinin də üzərinə öhdəlik düşür. Rusiya həmçinin, öz məsuliyyətini dərk etməli və öhdəliyini yerinə yetirməlidir. İlk növbədə Ermənistan ərazi iddialarına birdəfəlik son qoymalı, silahlı dəstələrini Azərbaycan ərazisindən çıxartmalı və sülh sazişini imzalamalıdır. Yəni İrəvanın atacağı addmlar ortadadır və burada qeyri-müəyyən heç nə yoxdur. İrəvan hökuməti anlamalıdır ki, atacağı bu addımlar Ermənistanın xilası deməkdir. 

 - Görüşlərlə paralel erməni tərəfinin təxribat törətməsində məqsəd nədir? 

 - Təxribatların sadəcə bir məqsədi var, o da aparılan danışıqları pozmaq, müzakirələrdə hansısa nəticələrin əldə olunmasına imkan verməməkdir. Yəni vaxtı mümkün qədər uzatmaqdır. Bu da onu göstərir ki, Ermənistan rəhbərliyi və müəyyən qüvvələr hələ də revanşist düşüncələrdən kənarlaşa bilmirlər. 

 - Təxribatlarda kənar güclərin təhriki varmı? Bir qisim Qərbi, digərləri isə Rusiyanı ittiham edir...

 - Həm ABŞ, həm də Avropa Birliyi mütəmadi olaraq tərəfləri, o cümlədən Ermənistanı sülhə səsləyir. Təxribatlar zamanı açıqlama verilir ki, tərəflər atəşkəsi pozmamalı və sülh sazişi imzalanmalıdır. Belə görünür ki, Ermənistan hakimiyyəti, yaxud ölkədəki müəyyən dairələr hələ də miflərlə yaşayır və məkrli oyunlar oynamağa davam edirlər. 

 - Türkiyənin prosesdə oynadığı rolu necə dəyərləndirirsiniz? 

 - Türkiyənin Azərbaycan-Ermənistan arasında sülhün bərqərar olmasında, münasibətlərin normallaşmasında oynadığı rolu yüksək qiymətləndirirəm. Ankara hökuməti də normal şərtlər daxilində Ermənistanla görüşlərdə, təmaslarda maraqlı olduğunu dəfələrlə açıqlayıb. Türkiyə sülh əlini Ermənistana uzadır və İrəvan bu yanaşmaya adekvat cavab verməlidir. Azərbaycan kimi qardaş Türkiyənin də məqsədi Cənubi Qafqaz bölgəsində sülh, sabitlik və tərəfdaşlıq mühiti yaratmaqdır. Başqa kim bu prosesə səmimi dəstək vermək istəyirsə, buyursun. Lakin burada əsas tələb Ermənistanı sülhə məcbur etmək, təxribatlardan çəkindirməkdir. 

 - Xarici ölkələrdə Azərbaycan əleyhinə təxribatların, qarayaxma kampaniyalarının artmasının səbəbi nədir? 

 - Bunların təşkilatçısı erməni diasporasıdır. Erməni lobbisi sülhə birmənalı qarşı çıxır və İrəvan-Bakı müzakirələrinə daha radikal mövqe sərgiləyir. Ermənistanda yaşayanlar, Qarabağdakı əhali erməni diasporasının qurbanlıq qoyunlarıdır.