AP-nin qətnaməsi ölkəmizin Cənubi Qafqaza gətirdiyi sülhə zərbə vurur - Politoloq

Avropa Parlamentində “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adı altında Azərbaycana qarşı qərəzli qətnamənin müzakirəyə çıxarıldığı dönəmdə elə bir hadisə baş verdi ki, pərdəarxasında gizlənən bütün planlar ortaya saçıldı. Minval Politika, BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlunun danışığını yayımlayaraq, ölkəmizə qarşı qurulan korruptsional fəaliyyəti öz dilləri ilə ifşa etdi. L.Okampo, Rusiyada yaşayan varlı ermənilərlə əlbir olaraq Azərbaycana qarşı kampaniya apardığını etiraf edib. O, bu işlərə əvvəlcə təmənnasız qoşulduğunu bildirsə də, sonradan Amerika fondlarından əldə etdiyi maliyyə vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsində çirkli planlarını reallaşdırdığını vurğulayıb. Danışıqlardan məlum olur ki, onları Ermənistanın taleyi də maraqlandırmır. Çünki Okampo Ermənistandakı qarşılıqlıqdan istifadə edərək Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı da planlaşdırıb.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Okamponun rəhbərliyi altında, Azərbaycana qarşı qərəzli kampaniyanın başlanması, dağılmaqda olan köhnə dünya nizamının institutlarının zəiflədiyini ortaya qoyur:

“Bu hadisə BMT və digər beynəlxalq münasibətlər sisteminin digər qurumlarının Okompo kimi siyasi oyunbazların əlində alətə çevrildiyini göstərir. Belçika və Niderland parlamentləri tərəfindən analoji anti-Azərbaycan qətnamələrinin qəbulu, Avropa Parlamentinin atdığı addımların müqəddiməsidir. Həmin sənəd, Ermənistan demokratiyasının inkişafına dəstək adını daşısa da, əslində erməni xalqına zərər vermək məqsədini güdür. Sənəddə Qarabağdan köçmüş ermənilərin geri qayıdışına dair bəndlərin vurğulanması, Ermənistanda keçiriləcək parlament seçkilərində revanşistlərin mövqeyini gücləndirməyə xidmət edir”.

Politoloqun sözlərinə görə qətnamə ölkəmizin Cənubi Qafqaza gətirdiyi sülhə zərbə vurur:

“Avropa İttifaqı ikiüzlü siyasət yürüdür: Bir tərəfdən Paşinyan hökumətini dəstəklədiyini bildirir, digər tərəfdən isə qəbul etdiyi qətnamə ilə Samvel Karapetyan və Robert Koçaryan kimi radikal qüvvələrin hakimiyyətə gəlməsinə şərait yaradır. Qətnamə 4-5 may tarixlərində İrəvanda keçiriləcək Ermənistan-Avropa İttifaqı sammitinə də kölgə salır. Azərbaycan qərəzli qətnaməyə Milli Məclisin qərarı ilə qanunverici müstəvidə, Hikmət Hacıyevin bəyanatına əsasən isə icraedici müstəvidə öz cavabını verib”.  

S.İsgəndərov vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon Der Layen bu məsələyə görə cavab verməlidirlər:

“Əgər onlar Avropa Parlamentinin qərəzli arqumentlərinin təsiri altına düşsələr, Brüsselin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı verdiyi bəyanatların reallıqda təsdiqini tapmadığını üzə çıxaracaq. Layihənin formalaşmasında iştirak edən və ona səs verənlərin hər biri Avropa bürokratiyası dəhlizlərində müəyyən mövqeyə malikdir. Bununla bir daha aydın olur ki, ABŞ, Rusiya və Qərb dairələrindəki bəzi qüvvələr Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyillər”.