Bölgənin yenidən qurulmasında Azərbaycan liderlik edəcək - TƏHLİL

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında iştirak etmək üçün dəvət alıb. Azərbaycanın Sülh Şurasında iştirakı ölkəmizin növbəti uğuru olmaqla yanaşı, Prezident İlham Əliyevin dünya arenasındakı böyük nüfuzunu və ona olan hörmətin göstəricisidir.

Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarı və ən fəal təşviqaçılarından biridir; bu, tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycan Prezidentinə xitab etməsi ilə də öz əksini tapıb.Tədbir çərçivəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən görüş və əlsıxmanın Tramp tərəfindən xüsusi qeyd olunması Azərbaycanın və dövlət başçımızın qlobal sülh və təhlükəsizliyin təmin olunmasındakı rolunun göstəricisidir. Tədbirin gündəliyində Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, bərpa-quruculuq işləri və humanitar missiyaların həyata keçirilməsi kimi mühüm məsələlər yer alıb.

Xatırladaq ki, Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyası ilk dəfə Şarm əl-Şeyxdə ABŞ Prezidenti tərəfindən irəli sürülüb və Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsi kimi təqdim edilib. Prezident İlham Əliyev isə 5 yanvar tarixində verdiyi müsahibədə Azərbaycanın bu qurulacaq qüvvələrin tərkibinə qoşulmaq niyyətində olmadığını açıqlayıb. Azərbaycan yeni müharibədən çıxmış ölkə olaraq, hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi məsələsində cəmiyyətdə müəyyən həssaslıq olduğunu nəzərə alır. Bu mövqe ölkəmizin xarici siyasətində məsuliyyətli yanaşmanı, daxili ictimai rəyin nəzərə alınmasını və regional prioritetlərin qorunmasını əks etdirir.

Bununla yanaşı, Azərbaycan öz praktiki təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz münaqişədən sonrakı bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir; Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr buna nümunə kimi təqdim oluna bilər. Azərbaycan həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə humanitar yardımlar göstərib və gələcəkdə kommersiya şərtləri və investisiya layihələri çərçivəsində bu sahədə iştirak edə bilər. Lakin indiki şəraitdə qeyd olunan 7 milyard dollar çərçivəsində Azərbaycanın hər hansı bir iştirakı nəzərdə tutulmur.

Politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, Donald Trampın İlham Əliyevi Sülh Şurasının birinci iclasına dəvət etməsi onun şəxsiyyətinə və fəaliyyətinə verdiyi qiymətin göstəricisidir:

“Azərbaycan Sülh Şurasının təsisçilərindən biridir və bu tədbirdə iştirakı, həmçinin ABŞ tərəfindən dəvət olunması təbii qarşılanmalıdır. Eyni zamanda, ABŞ prezidentinin İlham Əliyevin bölgədə və dünyada sülh yaratmaq səylərinə verdiyi qiymət də unudulmamalıdır. Tədbir zamanı Azərbaycan prezidenti müxtəlif ayaqüstü görüşlər və danışıqlar keçirdi. Burada təbii ki, Nikol Paşinyanla keçirilən görüş tamamilə fərqli xarakter daşıyırdı. Görüşdə bölgənin problemləri, gələcəyi, Zəngəzur dəhlizinin qısa müddətdə işə düşməsinin zəruriliyi, Ermənistandakı parlament seçkiləri, yeni Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddialarının çıxarılması, həmçinin mümkün qədər tez sülh sazişinin imzalanması məsələləri müzakirə olundu. Bu müzakirələr həm Azərbaycan, həm Ermənistan, həm də bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir”. 

Politoloq söyləyib ki, Azərbaycanın Qəzzada sabitləşdirici qüvvələrə qoşulmaması onun qərarlı və balanslı siyasət yürütməsinin daha bir göstəricisidir:

“Ancaq bölgədə Azərbaycan tərəfindən görülə biləcək işlər çox böyükdür. Bu, həm humanitar, həm diplomatik, həm də yenidənqurma sahələrində əhəmiyyətli işlər deməkdir. İnfrastruktur layihələrinin həyata keçirilməsi, bölgənin su təsirinin tənzimlənməsi, yenidənqurma işləri, minaların təmizlənməsi, tibbi xidmətin göstərilməsi və diplomatik fəaliyyət Azərbaycan üçün geniş imkanlar yaradır. Çünki Azərbaycan bu sahələrdə təcrübəyə malik olan nadir dövlətlərdən biridir. Bu səbəbdən əminliklə demək olar ki, Azərbaycan həm bölgənin idarə olunmasında, həm də digər mühüm layihələrin icrasında aktiv rol oynayacaq”.