
"Bu gün biz Şuşada həyatı dirçəldirik"
"Son dörd ildə işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ölçüyəgəlməzdir" Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Qarabağ işğaldan azad oldunduğu gündən quruculuq, abadlaşdırma işləri davam etdirilib. 30 illik işğal dönəmində xarabalığa çevrilən kəndlər, şəhərlər yenidən qurulub, binalar, məktəblər, bağçalar, iaşə obyektləri, su anbarları, elektrik stansiyaları inşa edilib. Hotellər, qonaq evləri həm yerli, həm də xarici qonaqlar ilə dolub-boşalır, regionun turizm potensialı əmin əllərdə sürətlə inkişaf edir.
Necə ki, Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 20 gün sonra - dekabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə demişdi: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.
Elə də oldu, müharibədən qısa zaman sonra Qarabağda bərpa-quruculuq işlərinə start verildi. Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkildi, aeroportlar tikildi, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırıldı.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, biz doğma Qarabağımızı tezliklə cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Bu ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq - bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.
İşğaldan azad edilən bütün şəhərlərin baş planlarının hazırlanması, “ağıllı şəhər”, “agıllı kənd” layihələrinin icrası, infrastrukturun yenilənməsi, bu ərazilərimizdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi Qarabağımızın inkişafı ilə bağlı möhtərəm Prezidentin istəklərini nümayiş etdirir. Məqsəd soydaşlarımız üçün daha yüksək yaşam standartlarını tətbiq etməkdir. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan bu torpaqlarımızda daş-daş üstə qalmamışdı. Dövlət başçısı İlham Əliyevin təkmil idarəçilik sisteminə əsaslanan uğurlu siyasəti nəticəsində artan iqtisadi və maliyyə imkanlarımız, dost ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi fonunda 30 il ərzində erməni faşizminin ağır yaralar vurduğu bu ərazilər müharibədən sonrakı dördcə il ərzində sözün əsl mənasında, cənnət-məkana çevrilib.
Ölkə başçısının işğaldan azad olunan ərazilərə tez-tez səfər etməsi ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz bu ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi tutur. Bu, görülən işlərin şəxsən cənab Prezident İlham Əliyevin nəzarətində olduğunun göstəricisidir.
Qeyd edək ki, Şuşa azad edilən kimi su və elektrik təchizatı təmin edildi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü, Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı Qarabağda görüləcək işlərin müjdəçisi oldu.
Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda “Ağıllı kənd” kimi möhtəşəm layihələr Qarabağda görülən ilk işlər oldu. Qarabağda həyat qaynadı, hər gün yeni tikililər, yollar, meydanlar inşa edildi.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” hotelləri, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” hoteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilib.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Qarabağ iqtisadi regionuna səfər edib, Şuşa və Xankəndidə həyata keçirilən bərpa-quruculuq işləri ilə yaxından tanış olub.
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib. Şuşa sutəmizləyici qurğular kompleksinin açılışını edib. Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.
Prezident iyulun 5-də həmçinin Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotelinin açılışında iştirak edib. Qarabağ Universitetində görülən işlərlə tanış olub.
Hazırda Qarabağda çoxsaylı layihələrin icrasının davam etdiyini vurğulayan millət vəkili Ceyhun Məmmədov deyib ki, Qarabağa böyük qayıdış prosesi sürətlə davam etdirilir. Onun “Sherg.az"a açıqlamasına görə, bilavasitə cənab Prezidentin rəhbərliyi ilə Qarabağ iqtisadi rayonunda və işğaldan azad edilən digər ərazilərdə çox böyük abadlıq və quruculuq işləri sürətli bir formada davam etdirilir. Dövlətimiz bu ərazilərin bərpasına xüsusi önəm verir:

“Ölkə başçısı Qarabağın bərpa-quruculuq işlərində fəal iştirak edir, bölgələrə yollanır, əhali ilə görüşlər həyata keçirir və ən qısa müddətdə əhalinin köçürülməsi üçün lazım olan addımlar dövlətimiz tərəfindən atılır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada postmüharibə dövründə görülən işlər də həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Bu gün biz azad Şuşada həyatı dirçəldirik. Artıq sürətlə quruculuq və abadlıq işlərinin aparıldığı Şuşada, eyni zamanda festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər keçirilir. Heç şübhəsiz, bu cür tədbirlər davamlı olacaq. Çünki cənab Prezidentin bəyan etdiyi kimi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq. Son dörd ildə işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ölçüyəgəlməzdir. Bu, onu sübut edir ki, bu torpaqların sahibi bizik. Azərbaycan xalqı qurub-yaradan xalqdır. Ermənilər 30 ildə torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi və dini abidələrimizi yerlə yeksan etdi, ölkəmizə qarşı soyqırımı, eyni zamanda urbisid, ekosid törətdilər. Dünya bu reallığın da şahidi olsa da, yenə susmaqla Ermənistanın beynəlxalq hüquqa sığmayan addımlarının davamlılığına şərait yaratdı. Hər zaman qeyd etdiyimiz kimi, dünyanın ikili siyasəti Azərbaycan dövlətini, xalqını ruhdan salmadı. Haqqın, ədalətin sonda zəfər çaldığı inkaredilməzdir. Bu gün Azərbaycan tarixinin Zəfər səhifələrinin zənginləşdirilməsində tarixi ədalət öz sözünü deyir”.