Ermənistan konstruktiv yanaşma nümayiş etdirərsə görüş real nəticələr doğura bilər -PROQNOZ

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.
Maraqlıdır, görüşün sonunda çərçivə sülh müqaviləsi imzalana bilərmi?
Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, bu gün Əbu-Dabidə keçirilən Əliyev–Paşinyan görüşü Cənubi Qafqazda sülh və sabitlik üçün mühüm diplomatik mərhələdir:
"Görüşün BƏƏ-də baş tutması, neytral platforma və iqtisadi maraqların kəsişməsi baxımından strateji seçimdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu görüşə qatılması ölkənin sülhpərvər və konstruktiv mövqeyinin davamı kimi qiymətləndirilir. Azərbaycan tərəfi uzun müddətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin beynəlxalq hüquq çərçivəsində aparılmasını təklif edir.
Sülh sazişi üzrə danışıqların mətni artıq bir müddətdir ki, hazırdır və bu görüşdə onun üzərində konkret razılaşmaların əldə olunması ehtimalı yüksəkdir. Azərbaycanın məqsədi yalnız Ermənistanla münasibətləri normallaşdırmaq deyil, həm də regionda davamlı əməkdaşlıq mühitini formalaşdırmaqdır. İlham Əliyevin BƏƏ prezidenti ilə görüşü də bu diplomatik təşəbbüsün regional dəstəyə malik olduğunu göstərir. Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır və bu, ölkənin reputasiyasını gücləndirir".
Analitik əlavə edib ki, Ermənistanın daxili siyasi qeyri-sabitliyi və Moskva ilə münasibətlərindəki gərginlik Paşinyanın qərarvermə imkanlarını məhdudlaşdıra bilər:
"Bununla belə, Ermənistanın iqtisadi və siyasi sabitlik üçün sülhə ehtiyacı danılmazdır. Azərbaycanın təqdim etdiyi Zəngəzur dəhlizi və regional inteqrasiya layihələri Ermənistan üçün də iqtisadi imkanlar yaradır.
BƏƏ-nin vasitəçilik rolu tərəflər arasında etimadın qurulmasına töhfə verə bilər. Azərbaycanın diplomatik ritorikası hüquq və əməkdaşlıq üzərində qurulub. Bu görüş həm də Azərbaycanın Qərbi azərbaycanlıların hüquqlarını gündəmə gətirməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın sülhpərvər mövqeyi, regionda sabitlik və inkişaf üçün əsas şərtdir. İlham Əliyevin liderliyi altında Azərbaycan münaqişədən dialoqa keçid modelini uğurla tətbiq edir. Bu görüş, yalnız ikitərəfli deyil, həm də regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın diplomatik çevikliyi beynəlxalq platformalarda sülh təşəbbüslərini gücləndirir. Əgər Ermənistan konstruktiv yanaşma nümayiş etdirərsə bu görüş real nəticələr doğura bilər".