Əsas məqsəd Cənubi Azərbaycanın tam və qəti müstəqilliyi ideyasını ön plana çıxarmaq olmalıdır
İranın Azərbaycana qarşı dron hücumu regionda gərginliyi yeni mərhələyə keçirib və rəsmi Tehranın siyasətinə qarşı narazılıqları daha da artırıb. Bu hadisə bir daha göstərir ki, illərdir region ölkələrinə qarşı aqressiv və təzyiq siyasəti yürüdən molla rejimi təkcə xarici siyasətdə deyil, ölkə daxilində də ciddi böhran yaşayır. Ekspertlərin fikrincə, İranda baş verən proseslər və rejimin getdikcə zəifləməsi yeni siyasi reallıqların formalaşmasına gətirib çıxara bilər.
Belə bir şəraitdə Cənubi Azərbaycan məsələsi yenidən aktuallaşır. Onilliklərdir İran daxilində yaşayan milyonlarla azərbaycanlı sistemli şəkildə mədəni, siyasi və sosial hüquqlarından məhrum edilib, ana dilində təhsil hüququndan tutmuş siyasi fəaliyyətə qədər bir çox sahədə ciddi məhdudiyyətlərlə üzləşib. Azərbaycanlı fəalların təqib olunması, həbslər, təzyiqlər və müxtəlif cəzalar isə bu siyasətin davamlı xarakter daşıdığını göstərir.
Bir çox müşahidəçilər hesab edir ki, İran daxilində yaranan hazırkı vəziyyət Cənubi Azərbaycanda milli məsələlərin daha açıq şəkildə gündəmə gətirilməsi üçün tarixi fürsət yarada bilər. Həm regiondakı son hadisələr, həm də İran daxilində artan narazılıqlar Cənubi Azərbaycan mövzusunu siyasi və ictimai müzakirələrin mərkəzinə çevirir.
Analitiklərin fikrincə, uzun illərdir davam edən təzyiqlər, hüquq pozuntuları və milli kimliyə qarşı yönəlmiş siyasət Cənubi Azərbaycanda milli oyanış meyillərini gücləndirib. Məhz buna görə də bir çox ekspertlər hesab edir ki, İran daxilində baş verən proseslər fonunda Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların hüquqları, onların üzləşdiyi haqsızlıqlar və regionun gələcək siyasi perspektivləri daha geniş şəkildə gündəmə gətirilməlidir.
Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri, Amerikada mühacir həyatı yaşayan Güney Azərbaycanın milli fəalı Əhməd Obalı Sherg.az-a söyləyib ki,İran rejimi ciddi şəkildə zəifləyib və onun dağılması ehtimalı getdikcə artır:
“Bu vəziyyət isə bizim üçün tarixi bir fürsət yaradır. Əgər bu fürsətdən düzgün istifadə edə bilməsək, çox güman ki, belə bir şansın yenidən yaranmasını uzun illər gözləməli olacağıq. Tarix göstərir ki, yaranan fürsətləri vaxtında və düzgün qiymətləndirən xalqlar və dövlətlər həmişə uğur qazanıblar. Fürsətləri qaçıranlar isə uzun müddət həmin şansı yenidən əldə etməyi gözləməli olublar. Məhz buna görə də hazırkı vəziyyət bizim üçün sadəcə siyasi proses deyil, eyni zamanda tarixi bir dönəmdir. İran rejiminin zəiflədiyi və hətta dağılma ehtimalının artdığı bir vaxtda Güney Azərbaycan məsələsinə köklü və strateji yanaşma ortaya qoymaq lazımdır. Bu mərhələdə əsas məsələ yalnız siyasi prosesləri izləmək deyil, həm də xalqın düşüncəsini və milli iradəsini müəyyən bir məqsəd ətrafında formalaşdırmaqdır. Cəmiyyətə aydın şəkildə izah edilməlidir ki, bu, əlimizə düşən nadir və bəlkə də son tarixi şansdır”.
Ə.Obalı qeyd edib ki, əsas məqsəd Cənubi Azərbaycanın tam və qəti müstəqilliyi ideyasını ön plana çıxarmaq olmalıdır:
“Bu istiqamətdə ictimai fikri formalaşdırmaq, müstəqillik ideyasını gücləndirmək və hətta muxtariyyət tərəfdarı olan çevrələri belə tam müstəqillik ideyasına razı salmaq vacibdir. Çünki yarımçıq həllər gələcəkdə yeni problemlər yarada bilər. Strateji hədəf Cənubi Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması, onun siyasi xəritəsinin və sərhədlərinin müəyyənləşdirilməsi olmalıdır. Bundan sonra isə əsas vəzifə güclü milli dövlətçilik institutlarının yaradılması və sabit dövlət quruluşunun formalaşdırılmasıdır. Bizim ideoloji əsasımız isə azərbaycançılıqdır. Azərbaycançılıq ideologiyası milli kimliyimizin, dilimizin, mədəniyyətimizin və dövlətçilik ənənələrimizin qorunmasına əsaslanır. Bu ideologiyanın təməl prinsiplərindən biri də vətənin sərhədlərini qorumaq və milli dövlətçiliyi möhkəmləndirməkdir. Tarixi təcrübə göstərir ki, İran daxilində yaşayan azərbaycanlılara indiyə qədər heç vaxt tam hüquqlar verilməyib və mövcud siyasi sistem çərçivəsində bu hüquqların verilməsi ehtimalı da son dərəcə zəifdir. Ona görə də milli hüquqların əldə edilməsi yalnız xalqın öz iradəsi və mübarizəsi ilə mümkündür. Bu baxımdan, qarşıda duran əsas məsələ milli həmrəyliyin gücləndirilməsi, siyasi məqsədlərin aydın şəkildə müəyyənləşdirilməsi və bu tarixi fürsətdən maksimum istifadə edilməsidir”.