"Azərbaycan və Ermənistan suveren ölkələrdir, Moskva narahat olsa da sərt addımlar gözlənilmir”
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana səfəri fonunda Rusiya tərəfi region ölkələrinin suveren seçim hüququna hörmətlə yanaşdığını bəyan edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistan suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlərini öz milli maraqları çərçivəsində qurmaq hüququna malikdirlər. O, eyni zamanda Moskvanın hər iki ölkə ilə geniş və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Kremlin mövqeyini dəyərləndirən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, Rusiyanın məsələyə müdaxilə imkanları məhduddur:
“Yəni Rusiya tərəfi proseslə tam razı olmasa belə, real təsir mexanizmləri geniş deyil. Əlbəttə, müəyyən narahatlıq mövcuddur. Həmin narahatlıq zaman-zaman Rusiyanın media ekspertləri, siyasi şərhçiləri və siyasətçiləri tərəfindən dilə gətirilir. Lakin bütün bunlara baxmayaraq, konkret olaraq Azərbaycana qarşı hansısa praktik addımların atılması real görünmür. Rusiya yaxşı anlayır ki, Azərbaycana və ya Ermənistana qarşı sərt addımlar atacağı təqdirdə, bu, həmin ölkələrin Moskvanın geosiyasi rəqiblərinə daha da yaxınlaşmasına şərait yarada bilər. Ona görə də hesab etmirəm ki, Rusiya tərəfi mövcud şəraitdə ciddi və əməli addımlar atsın”.
Analitik onu da qeyd edib ki, Rusiya Mərkəzi Asiya ölkələrinin ABŞ və ya Avropa İttifaqı ilə yaxınlaşmasına birmənalı yanaşmır:
“Ən yumşaq ifadə ilə desək, bunu ehtiyatla qarşılayır. Lakin bu ölkələr müstəqil dövlətlərdir və öz xarici siyasətlərini sərbəst müəyyən etmək hüququna malikdirlər. Bu məsələdə kənar müdaxilə imkanları real və praktik baxımdan olduqca məhduddur”.