Həşim Səhrablı: "Azərbaycan 16-cı yerdədir, amma ilk beşliyə doğru yüksələcək"
Haber7-ın məlumatına görə, Əfqanıstan və Pakistan arasında baş verən son hərbi qarşıdurma müsəlman dünyasında hansı ölkələrin ən güclü orduya malik olduğu mövzusunu yenidən gündəmə gətirib. Ekspertlər və analitiklər orduların gücünü qiymətləndirərkən hərbçi sayını, müdafiə büdcəsini, müasir silah imkanlarını və strateji qabiliyyətləri nəzərə alırlar. Portal, “Global Firepower”ın 2026-cı il üçün açıqladığı məlumatlara istinad edərək müsəlman ölkələrinin hərbi potensialını sıralayıb. Reytinqdə Türkiyə birinci, İndoneziya ikinci, Pakistan üçüncü yerdə qərarlaşıb, Azərbaycan isə 16-cı sırada yer alıb. Bu sıralama müsəlman ölkələrinin regional və qlobal hərbi güc balansını göstərməklə yanaşı, strateji imkanları və müdafiə siyasətləri barədə də mühüm məlumat verir.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, Əfqanistan və Pakistan arasında baş verən hərbi qarşıdurma İslam dünyası baxımından ürək açan deyil:

"Nəticələri də ürək açan olmayacaq. Onsuz da İslam dünyasında vəhdət və birliyin formalaşmasının mümkün olmadığı bir məqamda bu münaqişə bir tendensiya olaraq yayılma riski daşıyır. Çünki bəzi müsəlman ölkələri Əfqanistanı haqlı bilib dəstəkləyə, bəziləri isə Pakistanı haqlı hesab edə bilər. Bundan əlavə, sırf öz maraqlarına görə, məsələn, Pakistana düşmən olan dövlətlər Taliban rejiminə dəstək verə, ya da Talibanın hakimiyyətdən getməsini istəyənlər Pakistana dəstək göstərə bilər. Beləliklə, bu münaqişə yalnız sonlanmaq deyil, hətta uzaq perspektivdə genişlənmə riski daşıyır. Bu isə birlik vəhdətini zəiflədir və boş yerə qan tökülməsinə səbəb olur. Əslində, nə Əfqanistanın Pakistanı, nə də Pakistanın Əfqanistanı işğal etmək və ya resurslarından istifadə edərək böyük iqtisadi və sənaye layihələri qurmaq niyyəti var. Yəni, bu münaqişə əsaslı deyil və ciddi nəticələr üçün hesablanmayıb. Əksinə, hər iki tərəfdən zaman və güc aparır, texniki imkanlar haqsız yerə sərf olunur və maddi xərclər artır, qarşılığında isə heç bir fayda əldə edilmir".
Reytinq məsələsinə gəldikdə isə, ekspert qeyd edib ki,Türkiyənin, Pakistanın və İndoneziyanın müsəlman ölkələri arasında lider mövqedə olması önəmlidir:
"Türkiyənin İslam dünyasında liderliyini qoruyub saxlaması müsbət haldır. Bu, milliyyətçilikdən yox, İslam dünyasının birliyi və ədalətli nizamı qorumaq baxımından əhəmiyyətlidir. Türklər, həm Azərbaycan, həm də Türkiyə olaraq, bu məsələlərdə həssasdır və ön plandadır. Liderliyin bizim əlimizdə olması İslam dünyasını parçalamaq istəyən qeyri-İslam dövlətlərinə mesajdır ki, Türkiyə bu liderliyi davam etdirir və anti-İslam siyasəti həyata keçirərkən bu faktoru nəzərə almalıdırlar. İslam dünyasında bir çox dövlətlər qütblü, xarici təsir altında olan hakimiyyətlər qururlar. Belə rejimlərin əli ilə İslam dövlətləri arasında qərəz artırmaq, düşmənçilikləri körükləmək asanlaşır. Bununla belə, bu dövlətlərin və rejimlərin özlərinin də ehtiyatlı davranmasına səbəb olan realpolitik bir reallıq mövcuddur. Digər tərəfdən Pakistanın nüvə dövlət olması İslam dünyasında nüvə gücünün mövcudluğunu göstərir. İndoneziya isə gələcəkdə yeni dünya düzənində İslam dünyasının əsas güc mərkəzlərindən birinə çevrilə bilər. Bu regionda İslam dünyasının güclü təmsil olunması əhəmiyyətlidir".
H.Səhrablı vurğulayıb ki, Azərbaycanın 16-cı siyahıda olması, müstəqilliyini 30 ildən artıq bərpa etmiş bir dövlət üçün pis göstərici deyil:
"Təbii ki, arzu edərdik ki, Azərbaycan ilk beşliyə daxil olsun. Bunun üçün Azərbaycan dövləti atdığı real siyasi və hərbi addımların zamanla bəhrəsini verəcəyini görəcəyik. Azərbaycan həm İslam dünyası, həm də ümumi dünya reytinglərində daha ön sıralara çıxacaq. Ermənistanla sülhün əldə edilməsi bizi çaşdırmamalıdır. Yeni dünya çox qütblü olacaq və bir çox güc mərkəzləri formalaşacaq. Buna görə də Ermənistan kimi kiçik ölkələr bizim üçün ciddi risk yaratmamalıdır. Biz öz hərbi imkanlarımızı daha böyük risklərə və perspektivlərə hesablamalı, hərbi üstünlüyümüzü iqtisadi, siyasi, sosial və hərbi sahələrdə artırmalı və reytinglərdə daha ön sıralara yüksəlməliyik".