“Balerina Cappuccino, Bombardino Krokadilo, Tung-Tung Sahur” Sindromu  uşaqların zehnini necə işğal edir?

Rəngli animasiya arxasında gizlənən rəqəmsal aqressiya
Valideynlər bu ritmik sözlərin haradan gəldiyini və niyə bu qədər cazibədar olduğunu araşdırır...
Psixoloqlar xəbərdarlıq edir: Uşaqların içinə bomba yox, sevgi qoymağın vaxtıdır
Son günlər azyaşlı  uşaqların dilindən düşməyən qəribə ifadələr var: “Balerina Cappuccino, Bombardino Krokadilo, Tung-Tung Sahur…” 
Evdə, bağçada, həyətdə, hətta uşaqlı evlərə qonaq gedəndə belə dəfələrlə eşidirəm bu sözləri. Sadəcə oyun vaxtı deyil, yuxuya gedərkən belə təkrarlayırlar. Sanki bir nağılın içindən yox, başqa bir aləmdən gəlib düşüblər evimizin içinə. Bu sözlər nə məna verir, haradan öyrəniblər, nə üçün bu qədər cazibədardır? 
Təkcə mən yox, bütün analar bu sualların ətrafında düşünür, narahatlıqla cavab axtarırıq...
Bu animasiyaya baxanda uşaqların  gülüşündə qəribə bir enerji yaranır, amma bu, gülüş təmiz uşaq sevinci deyil. Sanki yad bir dünyanın ritmi düşüb dillərinə, zehinlərinə. “Bombardino” dedikcə gözlərində ekran işığı yanır – rəngli, sürətli, təlatümlü. 
“Balerina Cappuccino”, “Bombardino Krokadilo”, “Tung-Tung Sahur”  ilk baxışdan zərərsiz və hətta əyləncəli səslənsə də, bu cümlələrin arxasında ciddi narahatlıq doğuran bir tendensiya gizlənir.  Sadəcə bir animasiya qəhrəmanı kimi görünən “Bombardino Krokadilo”nun əslində şəhərlərii bombalayan timsah obrazı olduğu deyilir. Hətta özünə məxsus mahnısı olan “Bombardino Krokadilo” obrazının, Qəzzadakı uşaqlar bombalananda sevincli və xoşbəxt olduğunu dediyi bildirilir.
Bu nədir axı? Oyundur, zarafatdır, yoxsa daha dərin bir təhlükənin əlaməti?
“Krokadilo” sakit bir çay kənarında yaşayan yaşıl timsah deyil axı!? Şəhərləri bombalayan, gülərək dağıdan, bir mahnının ritmi ilə gəzən animasiya “qəhrəmanı”nı uşaqlar niyə bu qədər çox sevir?!
Uşaq psixologiyası müharibə xəbərlərinə bəlkə də birbaşa reaksiya vermir, amma ekranlardan gələn şiddəti oyun sanır. Bir timsah şəhəri bombalayır və bu, ekranın o üzündən rəngli, əyləncəli, hətta cazibədar görünür.  “Bombardino” obrazı dağıdıcıdır, lakin uşaq onu rəngli animasiya, ritmik musiqi və “əziz timsah” formasında görür. Bu da onun beyində qorxu yox, maraq oyatmasına səbəb olur. Uşaq  da bomba atmağı “oyun” kimi qəbul edirsə, artıq təhlükə sükut içində evə girib deməkdir. 
Yuxarıda da  qeyd etdiyim kimi cizgi filmində “Bombardino”nun Qəzzaya bomba atması səhnələri var. Bu informasiyanı uşaq anlamır, amma yaddaşına yazır. Bu səhnələrin fonunda oxunan musiqi, ritm, sözlər onu həm gülməyə, həm də təqlid etməyə yönəldir. Bəli, şəhərləri bombalayan  timsah uşaqların şüuraltında “yaxşı” və “əyləncəli” obraz kimi qalır.
Mütəxəssislər isə deyir ki, uşaqlar baxdıqları obrazlardan formalaşır. Əgər valideyn izah etmirsə, ekran müəllimə çevrilir. Və bu müəllim hər zaman doğru demir. Onun dərsi isə hər gün, hər saat, fasiləsizdir.
Bombardino sadəcə bir cizgi obrazı deyil. O, şüurumuza sızan, dəyərlərimizi sorğulayan, uşaqların təxəyyülünü manipulyasiya edən simvoldur. 
Uşaqları qorumağın yeganə yolu — onların nə izlədiyini izləmək, izah etmək və əvəzini təqdim etməkdir. Uşaqlığın içinə bomba yox, sevgi qoymağın vaxtıdır.
Psixoloq Fidan Qədirzadə “Sherg.az”a açıqlamasında deyib ki, yaş üstü səhnələrin izlənməsi uşaqlarda mənfi davranışların yaranmasına, aqressiyanın artmasına, şiddətə qarşı həssaslığın azalmasına səbəb olur:
 ““Bombardino Crocodilo” son zamanlar uşaqların həyatını zəbt edib. Bu cür məzmunlar xarici baxışda əyləncəli, rəngarəng və diqqətçəkici görünsə də, onların psixoloji təsirləri dərin və narahatedici ola bilər. Uşaqların inkişaf dövrü onların şəxsiyyətinin, empati qabiliyyətinin və sosial münasibətlərin formalaşdığı ən həssas mərhələdir. Bu mərhələdə onların izlədiyi hər bir video, oynadığı oyun və qarşılaşdığı obrazlar birbaşa düşüncə və davranış modelinə təsir edir. Qeyri-real personajların bir-birinə zor tətbiq etdiyi, qışqırıq, təhdid və zorakı dilin dominant olduğu səhnələr uşaqların aqressiyanı adi, hətta qəhrəmanlıq kimi qəbul etməsinə yol açır. Şiddət və qorxu üzərində qurulmuş süjetlər uşaqlarda başqalarının ağrı və emosiyalarına qarşı laqeydlik yarada bilər. Bu da gələcəkdə sosial münasibətlərdə empati çatışmazlığına gətirib çıxarır. Uşaqlar izlədiklərini təqlid etməyə meyllidirlər. Onlar "əyləncəli" və ya "populyar" görünən davranışları məktəb və ailə mühitində tətbiq etməyə çalışırlar. Bu isə qaydalara əməl etməmək, itaətsizlik və davranış pozuntuları ilə nəticələnə bilər”.
Psixoloq qeyd edib ki, “Bombardino Crocodilo” təkcə simvol deyil, bu tip zərərli məzmunların ümumiləşdirilmiş nişanıdır:
““Bombardino Crocodilo” – səslərin, effektlərin, absurdluğun cəlbedici bir maskada təqdim edildiyi, lakin içində mənasızlıq, zorakılıq və emosional boşluq gizlədən bir simadır. Bu tip personajlar, uşaqların ekran arxasında susqun şəkildə baxdığı, amma iç dünyalarında güclü təsir buraxan “rəqəmsal viruslar” kimidir. Onlar tədricən empati hissini zəiflədir, davranış kodlarını dəyişir və şiddəti oyun elementi kimi təqdim edirlər.
Bu obraz artıq fərdi deyil — o, bir epoxanı, rəqəmsal dövrün nəzarətsiz uşaq məzmunlarını təmsil edir. Rəngli animasiyalar, enerjili musiqi və absurd hərəkətlərlə bəzədilmiş bu videolar uşaqlara oyun görkəmində təqdim olunsa da, nəticədə onların psixoloji aləmini səssiz şəkildə işğal edir.Uşaq psixologiyası isə  çox incə və yönəldilə bilən bir sahədir. Bugünkü rəqəmsal məzmunlar onların gələcək şəxsiyyətini formalaşdırır. Buna görə də valideynlər, müəllimlər və cəmiyyət olaraq bu təhlükəyə qarşı həmrəyliklə yanaşmalı, uşaqların informasiya təhlükəsizliyini qorumağı bir öhdəlik kimi qəbul etməliyik. Uşaq üçün yalnız fiziki deyil, eyni zamanda psixoloji təhlükəsizlik də vacibdir”.
Psixoloq Anara Quliyeva isə  qeyd edib ki, uşaqların gündəlik həyatına sirayət edən yeni rəqəmsal trendlər arasında “Bombardino Crocodilo” kimi videolar xüsusi yer tutur:
 “Son vaxtlar uşaqların “pır pır patabim”, “balerina kapuçina”, “tum tum sahur” kimi deyimlərlə yaşadığı bu maraq mərhələsi bizim də evdə yaşanır. 
Uşaqların beyni ritmik və təkrarlanan səslərə qarşı daha həssasdır. Bu tip videolar onların dinləmə diqqətini çəkir, gülməli gəlir və beyində dopamin (xoşbəxtlik hormonu) ifraz edir. Üstəlik, bu ifadələr uydurma və əyləncəli olduğu üçün onların dil bacarıqları üçün bir cür səs əyləncəli oyun rolunu oynayır.
Əgər uşaq bu videoları sadəcə maraqla izləyir, sonra normal oyununa, ünsiyyətinə qayıdırsa — narahat olmağa dəyməz. Bu sadəcə bir trenddir və keçicidir.
Amma uşaq bu videolara saatlarla baxırsa və başqa videoları izləmək istəmirsə, hətta ona başqa maraqlı məzmun təklif olunduqda belə rədd edirsə, videodakı mənasız sözləri özü-özünə və ya digərləri ilə danışarkən təkrar edirsə, dostlarından uzaqlaşır, real oyuna qoşulmaq istəmir,videoya baxdığı dövrlərdə aqressiv, səbirsiz və tez əsəbləşən davranışlar göstərirsə, dərslərinə maraq azalır, diqqət çətinliyi başlayırsa  bu artıq sadəcə maraq yox, ciddi siqnal ola bilər.
Bu zaman videolara vaxt məhdudiyyəti qoyulmalı, uşaqla açıq şəkildə ünsiyyət qurulmalıdır”. 

Qalereya