Millət vəkili fərdi ev və çoxmənzilli bina tikintisinin bərpasını təklif etdi

"Təmsil etdiyim Lerik rayonunda indiyədək mənzil növbəsində 102 nəfər şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub". 

"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Vasif Qafarov büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, hazırda rayonda 282 nəfər həssas təbəqədən olan vətəndaş mənzil növbəsindədir: 

"Rayonda bu təbəqədən olan vətəndaşlar üçün mənzillər 2019-cu ildə tikilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi həssas təbəqədən olan fərdi ev və çoxmənzilli bina tikmək işini dayandırıb. Nazirlik bu məqsədlə yalnız hazır evlərin satın alınmasını həyata keçirir. Lerik və Astara rayonlarının kəndlərində də isə satışda olan hazır evlər yoxdur ki, nazirlik onları alıb vətəndaşlara təqdim etsin. Sahibkarlar da çoxmənzilli bina tikməkdə maraqlı deyillər. Buna görə də təklif edirəm ki, nazirlik tərəfindən fərdi evlərin və çoxmənzilli binaların tikilməsi həyata keçirilsin. Yaxud həssas təbəqədən olan insanlar üçün ayrılmış vəsait onların özlərinə verilsin ki, vətəndaş öz evini tiksin, ya da mənzil alsın".