Vüqar Bayramov minimum əməkhaqqının vergidən azad olunması təklif edib

"Bu il özəl sektorda əmək haqqı ilə bağlı güzəşt müddəti başa çatıb. Növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əmək haqqından üç faiz vergi hesablanacaq".

"Sherg.az"ın məlumatına görə, bu barədə millət vəkili Vüqar Bayramov parlamentdə gələn ilin büdcə zərfinə dair müzakirələr zamanı deyib. 

Deputat bildirib ki, həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır: 

"Əgər özəl sektorda çalışan vətəndaşımızın əmək haqqısı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır. Bu müəyyən xərc yaratsa da ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlardan tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür. Mərhələli yumşaq keçid biznes bu mexanizmə hazır olmasına imkan yaradacaq. Əksər dövlətlərdə minimum əmək haqqı gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunmasın sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik".

Deputat əlavə edib ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər:

"Bbu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu, o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər. Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervelları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Buda dövlət sektorunda da əmək haqqı artımına gətirib çıxarar”.