Azərbaycan Türk Ocağının təsisçilərindən Abbasqulu Kazımzadənin məzarı təmir olunub
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan sonra mühacir həyatı yaşamağa məcbur qalmış görkəmli ictimai-siyasi xadimlərinin xatirəsinə Azərbaycan dövlətinin göstərdiyi diqqətin təzahürü olaraq, AXC Parlamentinin deputatı, Azərbaycan Milli Şurasının üzvü Abbasqulu Kazımzadənin Ankarada Cəbəci Asri Məzarlığında yerləşən və yarıuçuq vəziyyətdə olan məzarı Səfirlik tərəfindən əsaslı təmir olunub.
Sherg.az xəbər verir ki, təmir zamanı məzarın orijinal görkəmi və ölçüləri qorunmaqla baş daşı və plitələri eyni materialdan olan andezit daşlarla yenilənib, öncəki baş daşı üzərində yer alan, şair Namiq Kamalın “Ölürsem görmeden millette ümid ettiğim feyzi. Yazılsın sengi kabrime vatan mahzun, ben mahzun” misraları olduğu kimi təkrar yazılıb.
Qeyd edək ki, Abbasqulu Kazımzadə Cümhuriyyətin süqutundan bir müddət sonra İstanbula köçmək məcburiyyətində qalıb.
1938-ci ildə Türkiyəni tərk edən A.Kazımzadə 1942-ci ildə yenidən Türkiyəyə geri qayıtmış və 28 iyul 1947-ci ildə Ankarada mühacirətdə vəfat edib.



