Son xəbərlər

Osmanlı sultanının İspaniya kralına göndərdiyi 3 metrlik məktub: Tarixçiləri heyrətləndirdi

  • 130 illik tarix yenidən gündəmdə

İspaniya arxivlərində aşkarlanan 1650-ci ilə aid Osmanlı sənədi iki ölkə arasında diplomatik əlaqələrin tarixinin indiyədək qəbul ediləndən 130 il daha əvvələ gedib çıxdığını üzə çıxarıb.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri ispan və türk tarixçilərin araşdırmalarına istinadən məlumat yayıb.

Söhbət Osmanlı sultanı IV Mehmedin 1650-ci ilin aprelində İstanbuldan İspaniya kralı IV Felipeyə göndərdiyi, təxminən 3 metr uzunluğunda olan məktubdan gedir. Sənədin yuxarı hissəsində sultanın tuğrası yer alır. Hazırda bərpa edilən məktub İspaniya Milli Tarix Arxivində nümayiş etdirilir.

Araşdırmaya İspaniya Milli Tədqiqatlar Şurasının (CSIC) baş elmi işçisi, tarixçi Rubén González Cuerva rəhbərlik edib. Osmanlı dənizçilik tarixi üzrə mütəxəssis, professor İdris Bostan da sənədin əhəmiyyətini şərh edib.

Cuervanın sözlərinə görə, məktub Osmanlı və İspaniya arasında diplomatik təmasların tarixinin geniş ictimaiyyətə məlum olduğundan daha qədim olduğunu göstərir. Onun fikrincə, Osmanlı tərəfinin bu təşəbbüsü həmin dövrdə Venesiya ilə davam edən Kandiya müharibəsi (1645–1669) fonunda İspaniyanı Katolik ittifaqından uzaqlaşdırmaq məqsədi daşıyıb.

Professor İdris Bostan isə sənədin əhəmiyyətini təsdiqləməklə yanaşı, bir məqama diqqət çəkib. Onun sözlərinə görə, məktub özlüyündə iki dövlət arasında rəsmi diplomatik münasibətlərin qurulduğunu və ya müqavilə imzalandığını sübut etmir. Bununla belə, ən yüksək səviyyədə diplomatik təmasın baş tutduğunu təsdiqləyir.

Tarixçi bildirib ki, məktub Osmanlı sarayının nümayəndəsi Əhməd Ağa vasitəsilə İspaniyaya göndərilib. Sənəddə sülh və ticarət əməkdaşlığına xüsusi diqqət yetirilməsi də diqqətçəkən məqamlardandır.

Bostan xatırladıb ki, XVI əsrdə də İspaniya ilə Osmanlı arasında diplomatik əlaqələrin qurulması istiqamətində cəhdlər olub. Hətta 1550-ci illərdə İspaniya tərəfinin Osmanlı sarayı ilə təmas yaratmaq istəyi qeydə alınıb. Lakin həmin dövrdə tərəflər arasında müəyyən siyasi və diplomatik fikir ayrılıqları mövcud olub.

Tarixçilərin fikrincə, XVII əsrin ortalarında İspaniyanın Fransa ilə müharibədə olması da Madridin Osmanlı ilə münasibətlərə marağını artırıb. Həmin vaxt İspaniya kralı IV Felipe diqqətini əsasən Flandriya və Qərbi Aralıq dənizinə yönəltmişdi.

Professor Bostan Avropanın müxtəlif ölkələrinin arxivlərində Osmanlı dövrünə aid çoxsaylı sənədlərin qorunduğunu vurğulayıb. O, bu materialların mütəxəssislər tərəfindən sistemli şəkildə araşdırılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, məktub 2020-ci ildə Kırklareli Universitetindən Hüseyn Sərdar Tabakoğlu tərəfindən transkripsiya edilib, bərpadan sonra isə Ankara Sosial Elmlər Universitetindən dosent Evrim Türkçelik tərəfindən ispan dilinə tərcümə olunub.