Azərbaycan mühacirlərinin "Aras"ı

Akif Aşırlı yazır

 1945-ci il ll Dünya savaşından sonra Azərbaycan mühacirlərinin siyasi-ideoloji və sovet siyasi sisteminə qarşı mübarizəsi bəzi Avropa ölkələrində, Pölşada, Parisdə, İranda və Türkiyədə davam etdirildi. Yenə də təbliğatın əsas mərkəzi Türkiyə idi. M.Ə.Rəsulzadənin Avropadan Türkiyəyə dönməsi ilə mühacirət hərəkatının yeni bir mərhələnin əsası qoyuldu. Türkiyədə kommunizmə qarşı mücadilə mərkəzlərinin fəaliyyəti milliyyətçilik duyğularını gücləndirdi, Rusiyanın əsarətindəki türk xalqlarının azadlıq, istiqlal duyğuları mətbuat səhifələrində, bəzi nəşirlərdə ön plana çıxarıldı.

Belə bir tarixi şəraitdə, 1952-ci ilin yanvarında Ankarada nəşrə başlayan "Aras" dərgisi Azərbaycan mühacirət mətbuatının ənənəvi dəyərlərini, dəyişməz ideyalarını, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin davamı olaraq fəaliyyətə başladı.

İstiqlal ideyasının tərənnümçüsü olan "Aras" 28×20 sm. ölçüdə olub, 16 səhifə həcmində çap edilib. Üz qabığında iri hərflərlə yazılan loqosu rəngli fonda, türkçülüyün rəmzi olan Bozqurd yuxarı hissədə verilirdi. Loqonun alt hissəsində hər sayda fərqli şəkillər və ya qrafik tərtibatlar yerləşdirilirdi. Üz qapağın aşağı hissəsində isə bir sətirdə nömrənin sayı, nəşr olunduğu ay və tarix göstərilirdi. Dərginin redaksiyası Ankarada, Qazantəp küçəsində, 10 nömrəli evdə yerləşirdi, bir nüsxəsinin qiyməti 25, illik abunə haqqı 250, yarımillik isə 130 quruş idi.

Əsasən Qars və Şərqi Anadolunun əksər bölgələrdən olan Ankara Universitetinin tələbələrinin təşəbbüsü ilə nəşr edilən "Aras" jurnalının sahibi Tevfik Turan Atasevər idi. İlk dörd nömrədə yazı işləri üzrə məsul şəxs Abbas Gökçe, son iki sayda bu vəzifəni yenidən Tevfiq Turan Atasever icra edib.

 Dövrü mətbuat orqanlarına yaradıçılığı və publisistik fəaliyyəti ilə açıqlama verən T.T.Atasevər "məndə hər söhbət Ağrıdan, Arazdan başlayır" deyərək əcdadlarının nəsil - soy kökünü xatırlayır, Həyatının yaddaqalan dönəmlərinə xəyalən səyahət edir.

T.T.Atasevətin babaları qədim Azərbaycan yurdu İrəvan şəhərinin Haytaxt kəndində yaşayıb, 1820-ci illərdən sonra rusların İrəvan bölgəsini işğal etməsi zamanı ailə Osmanlı hakimiyyəti altında olan Ərdəhan bölgəsinə köçüməyə məçbur olur. Bir neçə il sonra isə vətən həsrətinə dözməyərək yenidən İrəvana qayıdırlar və Üçkilsə qəzasının Qurdqulu nahiyəsinin Canfəda kəndində məskunlaşırlar.

Tevfiq Turan Ataseverin atası Əsəd Atasevər "1905–1920-ci illərdə İrəvan bölgəsində erməni qırğınları və rus zülmü" adlı xatirələr kitabını övladlarına bir növ vəsiyyət kimi yazıb. 

Kitabın ön sözü belə başlayır:

"Əziz övladlarım, qohumlarım və oxucularım! Bu xatirələri İrəvan bölgəsində ermənilərin törətdikləri qırğınları və bizə yaşatdıqları həqiqətləri öyrənəsiniz deyə qələmə alıram. Həyat hekayəmdən nəticə çıxarın və azadlığın olmadığı ölkələrdə yaşamayın. Ermənilərin əsl simasını görün."

Tevfiq Turan Ataseverin babaları sonradan İğdırın Canfəda kəndinin yaxınlığındakı İğdəli kəndində ev tikərək orada məskunlaşırlar. İğdəli kəndi İğdır mərkəzinin Qadıqışlaq kəndinin tam qarşısında, Araz çayının sol sahilində, indiki Ermənistan ərazisində yerləşən qədim türk kəndi idi.

Tevfiq Turan Atasever 28 aprel 1928-ci ildə həmin kənddə doğulub.

Ermənilərin zorakılığı, təzyiqi və soyqırımı nəticəsində ailəsi ata-baba yurdunu tərk etməyə məcbur qalıb. 27 iyul 1932-ci ildə İğdəli kəndi ermənilər tərəfindən hücuma məruz qalanda ailə Araz çayını keçərək İğdırın Qadıqışlaq kəndinə sığınır.

Beləliklə, Tevfiq Turan Atasever cəmi dörd yaşında ata yurdu İrəvanı tərk etməyə məcbur olur.

Atasever ailəsi qətliamdan sağ çıxdıqları üçün həmin günü hər il bir qurtuluş bayramı kimi qeyd edib.

Tevfiq Turan Atasever iki yerə bölünən, bir ürəyin rəmzi olan Araz çayı haqqında 1952-ci ildə nəşr etdirdiyi "Aras" jurnalında belə yazır:

Həsrətinlə könlüm yanır, alışır,

Tək sevgilim, canım sənsən, Araz.

Yaşıl vadində bülbüllər oxuyur,

Damarımda dolaşan qansan, Araz.

Bu hicran artıq sinəmi yandırmasın,

Arazım qəribliyə axmasın.

Yetər ki, düşmən baxışları onu yandırmasın,

Mənimdir, mənimdir, mənimdir Araz.

1952-ci ildə T.T.Atasevər milliyyətçi baxışları ilə seçilən tələbə dostları ilə birgə təsis etdiyi "Aras" dərgisi ilə yanaşı digər dərgilərdə də  ictimai-siyasi və ideoloji məqalələr çap etdirir, Vətən həsrətli şeirlər yazırdı.

Zəngin tərçümeyi-hala sahib olan "Aras"ın sahibi T.T.Atasevər 1953-cü ildə Ankara Universitetinin Ziraət fakültəsini bitirib.

1955–1956-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin İğdır Dövlət İstehsalat Birliyində bağçılıq və meyvəçilik şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Dövlət Su İşlərinin İğdır şöbəsində və Elazığ Regional İdarəsində (1956–1959) istismar mühəndisi kimi fəaliyyətini davam etdirib.

1959–1962-ci illərdə İğdır Rayon Kənd Təsərrüfatı Şöbəsinin müdiri və Van Texniki Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində işləyib. 1962–1975-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Ziraət İşləri Baş İdarəsində, eləcə də Texniki Nəşriyyat Şöbəsinin müdiri olub.

1968–1969-cu illərdə İngiltərəyə gedərək London Universitetində kənd təsərrüfatı iqtisadiyyatı üzrə təhsil alıb.

1975–1977-ci illərdə Kiprdə Gözəlyurt Kənd Təsərrüfatı Peşə Liseyini təsis edərək iki il həmin məktəbin direktoru kimi səmərəli fəaliyyət göstərib. 1979–1980-ci illərdə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Mətbuat, Nəşriyyat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

1983–1985-ci illərdə Ankara Türk Ziraət Mühəndisləri Birliyinin inzibati müdiri və fondun baş katibi kimi fəaliyyət göstərib. 1985–1994-cü illərdə Türkiyə Kənd Təsərrüfatı Kredit Kooperativləri Mərkəzi Birliyində nəşriyyat, tanıtım və sənədləşdirmə şöbəsinin müdiri olub. 1996–1999-cu illərdə Gözəl Sənət Əsərləri Müəllifləri Peşə Birliyinin baş katibi vəzifəsini icra edib. 1999-cu ildə Ankaradan ayrılaraq İzmir şəhərinə köçüb.

1951-ci ilin yanvarında böyük ümidlərlə yayın həyatına başlayan "Aras" dərgisi ilk sayında oxuçuların yeni ilini təbrik edir , hər bir ilin millətin həyatında uğurlu olmasını diləyirdi.

Müxtəlif mətbuat orqanlarına verdiyi məlumata görə, T.T.Atasevərin şeirə, poeziyaya və publisistikaya marağı orta məktəb illərində yaranıb. Ankara Universitetinin Ziraət fakültəsində tələbə olarkən altı nömrəsi nəşr olunan "Aras" adlı aylıq ədəbi, siyasi, türkçü jurnalını təsis edib. "Aras"ın ilk sayı 1952-ci ilin yanvarında işıq üzü görüb. İlk sayında "ədəbi, siyasi, türkçü dərgi" olduğunu qeyd edən "Aras"çıların əsas məqsədi sovetlərin əsarətində olan Türk Cümhuriyyətlətlərinin yenidən İstiqlala qovuşması, Türk Birliyi ideyası və milli tarixi şüurun formalaşmasına yardım etmək idi. Dərginin demək olar ki, hər bir sayında milli duyğu, ovqat, vətənpərvərlik hissləri və Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinin təbliği hiss olunur. İlk sayda Azərbaycan Xalq Cümhuriyyətinin quruçu lideri M.Ə.Rəsulzadənin 1951-ci il 26 avqustda "Amerikanın səsi" radiosunda etdiyi çıxış, "Azərbaycanlılara xitab"ın dərç olunması da dərginin istiqlal ideyalarına bağlılığından doğür. Geniş qəzetçilik və yaradıçılıq prinsiplərinə sahib olmasalar da gənç əməkdaşlar məqaləl və publisistik yazıları, siyasi şərhləri, şeirləri müxtəlif rubrikalar fatehi "Kazım Qarabəkir Paşanın rəsmisi verilib, barəsində üc yazı dərc olunub." Qars bel kəmiyimiz, boğazlar boğazımızdlr"-deyimi ilə xalqın qəlbində böyük məhəbbət alovu yandıran K. Qarabəkir Paşanı "Aras"ın belə qədirşünaslıqla anmasının da tarixi var. Qarsı, İqdırı, Sarıqamışı, Ərzurumu, Ərdahanı düşmən çəngindən azad edən fatehi həm də o bölgənin qələm insanlarının anması mənəvi ehtiyacdan doğurdu.

Azərbaycan mühacirləri içərisində yaratdığı ictimai təşkilatlar, dərnəklər, yardımlaşma cəmiyyətləri, bir sıra nəşrərlə yadda qalan Mehmet Sadiq Aranın da "Aras" da məqalələri, araşdırmaları çap olunub. Dərginin ikinci sayında M.S.Aranın çap olunan "Tehran qəzetələrində İran Türklərinə yapılan təhlükələr haqda" məqalə-araşdırması tarixi faktlar əsasında qələmə alınıb , Güney Azərbaycanda soydaşlarımıza qarşı aparılan soyqrım, təhdid , təzyiq hərəkətləri araşdırılıb. 

M.Sadiq Aran İran mətbuatına əsaslanaraq Tehran rejiminin Azərbaycan türklərinə qarşı törətdikləri soyqrım faktlarını məqalənin giriş hissəsində belə təqdim edir: 

 30.000 azərbaycanlı (Təbrizli) türk qətlə yetirilib. («Azərbaycan» qəzeti, sayı 6)

20.000 azərbaycanlının başı kəsilib .(«Rəhnümayi Millət» qəzeti, 13, Tehran)

«Azərbaycan xalqı Tehran şah hökumətinin müstəbid məmurlarının zülmü altında əzilir. Xalq zəncirlənmiş vəziyyətdə amansız jandarma süngüləri altında iztirab çəkir. Hökumətin zülmü və təzyiqi hər gün daha da artır.» («Mərd-e Əmruz» qəzeti, sayı 56)

«Azərbaycan əyalətində ədalət yoxdur. Xalq yoxsuldur, pərişandır və xəstədir. Tehran hökumətindən zülm və təzyiqdən başqa heç nə görmür.» (İran parlamentində S. Təqizadənin çıxışından)

28.000 azərbaycanlı gənc qız və qadın Tehran hökuməti tərəfindən susuz Qum səhralarına sürgün edilmiş, Fars şəhərlərində əsir kimi satılıb. («Sövgənd» qəzeti, Tehran)

M.S.Aran mətbuatda çap olunan məqalələr və İran rəsmilərinin məlumatları əsasında qeyd edir ki, son illər 80.000 Azərbaycan türkü öldürülüb, sürgün edilib, yurdlarından didərgin salınıb. Müəllif sivil dünyanın İranda yaşanan məzalimlərə, soyqrımlara, Azərbaycan Türklərinin bu açnacaqlı taleyinə biganə qaldığını həyaçanla qələmə alır, milliyyətçi Türk təşkilatlarını bu hadisələrə biganə qalmamağa çağırırdı.

Qısa müddətdə fəaliyyət göstərməyinə baxmayaraq "Aras"da xeyli sayda müəllifin yazıları çap olunub. Dərginin daimi müəllifləri sırasında Cavat Rifat Atilhan, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə , Hüseyn Namik Orkun, Mehmet Sadıq Aran, Fethi Tevetoğlu, Erhan Löker, Sami Yavrucuk, Abbas Gökçe, Tofik Turan Atasever, Basri Gocul, Mustafa Ernam, Abdullah Savaşçı, Əhmet Karaca, Selahattin Ertürk, Mehmet Ateşoğlu, Fəhri Ersavaş, Kurt Tarık Özhan və İnci Kartalkaya yer alırdı.

Jurnalın son 6-cı nömrəsində dərc edilən "Tətilimiz" başlıqlı qeyddə oxuculara belə müraciət olunurdu:

"Sizə bəlkə də kədərli bir xəbər veririk. "Aras" bu saydan sonra dörd aylıq bir tətilə çıxır. Bu qərarımızın əsas səbəbləri bunlardır: Oxucularımızın böyük əksəriyyəti müxtəlif məktəblərdə təhsil aldıqları üçün yay tətili münasibətilə doğma yurdlarına qayıdırlar. "Aras"ı nəşr edənlər də universitet tələbələri olduqlarından tətil səbəbindən müxtəlif yerlərə gedəcəklər."

Lakin jurnal elan edilən bu "tətil"dən sonra bir daha nəşr olunmayıb və fəaliyyətini dayandırıb.