Bu gün Ermənistan silahlı birləşmələrinin Xocalı rayonunun Malıbəyli və Quşçular kəndlərində törətdiyi qətliamdan 34 il ötür.
Sherg.az xəbər ki, 1992-ci il fevralın 10-da həyata keçirilən bu qanlı hadisə Ermənistanın azərbaycanlılara qarşı apardığı sistemli etnik təmizləmə siyasətinin açıq təzahürlərindən biri kimi tarixə düşüb.
Həmin gecə Malıbəyli və Quşçular kəndləri ağır silahlarla atəşə tutulub, dinc əhali mühasirəyə alınıb. Müdafiəsiz sakinlərə qarşı amansızlıqla hücum edilib, insanlar yalnız milli mənsubiyyətlərinə görə qətlə yetirilib. Qətliam nəticəsində onlarla kənd sakini öldürülüb və yaralanıb, yüzlərlə insan doğma yurdunu tərk etməyə məcbur qalıb. Kəndlər tamamilə dağıdılıb, mülki infrastruktura ciddi ziyan vurulub.
Malıbəyli və Quşçular faciəsi Xocalı soyqırımına aparan yolun mühüm mərhələlərindən biri idi. Bu hadisə bir daha göstərdi ki, Ermənistan silahlı qüvvələrinin məqsədi təkcə ərazi işğalı deyil, həm də bölgədə azərbaycanlı əhalini tamamilə məhv etmək və ya köçməyə məcbur etmək olub. Qətliam zamanı beynəlxalq humanitar hüququn bütün normaları kobud şəkildə pozulub.
Aradan 34 il keçməsinə baxmayaraq, Malıbəyli və Quşçular qətliamı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Bu faciə təkcə bir tarix deyil, eyni zamanda ədalət tələb edən ağır bir cinayətdir. Azərbaycan dövləti və cəmiyyəti bu kimi hadisələrin dünya ictimaiyyətinə çatdırılması, günahkarların ifşa olunması və tarixi həqiqətlərin unudulmaması istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.
Malıbəyli və Quşçular şəhidlərinin xatirəsi ehtiramla anılır. Bu qanlı səhifə bir daha xatırladır ki, tarixi unutmaq yox, ondan dərs çıxarmaq lazımdır.