Pərvanə Vəliyeva: “28 May Azərbaycan xalqının müstəqillik iradəsinin təntənəsidir”

“28 May Azərbaycan dövlətçiliyinin bərpası, milli azadlıq ideallarının gerçəkləşməsi və xalqın müstəqil yaşamaq iradəsinin təntənəsi kimi böyük tarixi əhəmiyyət daşıyır. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bununla da Azərbaycan xalqı əsrlər boyu formalaşmış dövlətçilik ənənələrini yenidən bərpa edərək, müstəqil, hüquqi və demokratik dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi”.

Bu sözləri millət vəkili Pərvanə Vəliyeva Sherg.az-a bildirib.

Deputatın sözlərinə görə XX əsrin əvvəllərində dünyada və regionda baş verən siyasi proseslər, Azərbaycan xalqının milli azadlıq hərəkatını gücləndirdi:

“Çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda yeni siyasi şərait formalaşdı. 1918-ci ilin 28 may tarixində Tiflisdə fəaliyyət göstərən Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi” qəbul olundu və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Bu tarixi sənəd xalqın suveren hüquqlarını təsbit edərək, Azərbaycanın müstəqil dövlət olduğunu göstərirdi. Cümhuriyyətin qurucuları arasında Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli ziyalılar mühüm rol oynayıblar. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən AXC-nin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi”.

P.Vəliyeva qeyd edib ki, AXC 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdi:

“Respublika demokratik idarəçilik prinsiplərinə əsaslanırdı. İlk dəfə olaraq qadınlara seçki hüququ verilməsi, parlamentin yaradılması, dövlət atributlarının qəbul edilməsi və milli ordunun formalaşdırılması həmin dövr üçün böyük tarixi hadisələr olaraq əhəmiyyət daşıyırdı. Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması ölkədə tolerantlıq və demokratik dəyərlərin mövcudluğunu göstərirdi. Həmin vaxt Dövlət dili Azərbaycan dili elan edildi, milli təhsil sistemi yaradıldı. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması da, Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri hesab olunur. 1920-ci ilin aprel ayında bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində AXC-nin fəaliyyəti dayandırıldı. Ölkə sovet hakimiyyəti altına keçdi. Buna baxmayaraq, xalqın azadlıq arzusu heç vaxt sönmədi”.

Millət vəkili vurğulayıb ki, XX əsrin sonlarında SSRİ-nin süqutu ilə Azərbaycan xalqı tarixi iradəsini bir daha ortaya qoyub, yenidən müstəqilliyinə qovuşdu:

“1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Müasir Azərbaycan Respublikası AXC-nin siyasi və mənəvi varisidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması və möhkəmləndirilməsi Azərbaycan tarixində xüsusi yer tutur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı. Məhz onun rəhbərliyi ilə milli dövlətçilik ideologiyası formalaşdı, Azərbaycan dünya birliyində layiqli yer tutdu. Kiçik bir ölkə, Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu dövlətə çevrildi. Bu strategiya bu gün Ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Parlamentarinin fikrincə, İlham Əliyevin AXC-nin 90-100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamlar, milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir:

“2021-ci il oktyabrın 15-də qəbul edilən “Müstəqillik Günü haqqında” Qanun Azərbaycanın azadlıq ruhunun və dövlətçilik ənənələrinin hüquqi təsdiqi oldu. Sözügedən qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu. Xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. AXC qısa müddət mövcud olsa da, xalqımızın tarixində silinməz iz buraxıb. Bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurlar həmin müqəddəs irsin davamıdır”.