Səudiyyə Ərəbistanının Miras Komissiyası Mədinə bölgəsində apardığı arxeoloji tədqiqatlar zamanı Hz. Osman dövründən əvvəlki dövrə aid Qurani-Kərim ayələrini əks etdirən yazılar da daxil olmaqla 1774 qayaüstü yazı, qaya təsviri və digər arxeoloji tapıntının sənədləşdirildiyini açıqlayıb.
Sherg.az xlblr verir ki, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, Mədinənin Mehd bölgəsində həyata keçirilən arxeoloji səth araşdırmalarının ikinci mərhələsi uğurla başa çatıb.
Süveyrika, Muveyhiyə və Hazə ərazilərində aparılan tədqiqatlar nəticəsində ümumilikdə 1774 arxeoloji tapıntı qeydə alınıb. Bunların arasında 156 yeni arxeoloji məkan, 461 İslam dövrünə aid yazı, 34 Səmudi yazısı, 1259 qayaüstü təsvir, 11 daş tikili, 3 tarixi saray və bina qalıqları, 2 qədim karvan yolu və 4 quyu müəyyən edilib.
Miras Komissiyası bildirib ki, aşkar edilən tapıntılar İslamın ilk dövrlərinə, xüsusilə də Hz. Osman dövründən əvvəlki tarixi mərhələyə işıq salır və Ərəbistan yarımadasının mədəni irsinin daha yaxşı öyrənilməsinə töhfə verir.
Qurani-Kərim ayələri və Hz. Ömərin adı olan yazılar aşkarlandı
Tədqiqatlar zamanı ən diqqətçəkən tapıntılar arasında Qurani-Kərim ayələrinin həkk olunduğu qayaüstü yazılar və Hz. Ömərin adının yer aldığı erkən İslam dövrünə aid yazılar olub.
Aşkarlanan yazılardan birində belə qeyd olunub:
“Allah Ömər ibn Xəttabın bu dünyada və axirətdə dostudur. Allahdan başqa ibadətə layiq məbud yoxdur.”
Məlumata görə, yazı Hicazi xətti ilə yazılıb və “İbrahim” adlı şəxs tərəfindən həkk edilib.
Komissiyanın paylaşdığı görüntülərdə həmçinin Qurani-Kərimin Nisa surəsinin 58-ci ayəsinin yer aldığı yazılar da müəyyən olunub:
“Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmağı və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm etməyi əmr edir.”
Mütəxəssislər bildirirlər ki, bu cür yazılar Qurani-Kərim ayələrinin İslamın ən erkən dövrlərində yazılı şəkildə istifadə olunduğunu göstərməsi baxımından böyük əhəmiyyət daşıyır.
Erkən İslam dövrünə aid mühüm izlər
Tapıntılar arasında erkən İslam dövrünə aid çoxsaylı yazılarla yanaşı, müxtəlif dövrləri əhatə edən qayaüstü təsvirlər də yer alır.
Miras Komissiyası vurğulayıb ki, bu tapıntılar İslam dövlətinin ilk illərinə dair dini, mədəni və ictimai yaddaşı günümüzə çatdıran mühüm tarixi sənədlərdir.
Qurumun açıqlamasında qeyd olunub:
“Mehd bölgəsindəki hər daş bir xatirə daşıyır, hər yazı isə İslam dövlətinin ilk günlərindən gələn bir hekayəni qoruyub saxlayır.”
Açıqlamada həmçinin bildirilib ki, keçmişin sirləri üzə çıxarılır və gələcək nəsillərə ötürülür.
Səudiyyə rəsmiləri qeyd ediblər ki, bu kəşflər erkən İslam tarixi, ərəb yazı ənənələri və regionun sivilizasiya irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bölgədə arxeoloji tədqiqatların davam etdirildiyi də vurğulanıb.