Milli Azadlıq Hərəkatında onun rolu danılmazdır
Siyamək Rəhbəri!
Azərbaycan Azadlıq Hərəkatının aparıcı simalarından biri, Meydan Hərəkatının pərdəarxası qəhrəmanı Siyamək Rəhbərinin əsl adı Nasir Rəhbəridir. Amma hamı onu Siyamək Rəhbəri olaraq bilib və elə tanıyıb.
Siyamək Rəhbəri 1964-cü ildə, Təbriz yaxınlığındakı Əcəbşir şəhərində dünyaya göz açıb. Hələ yeniyetməlik dövründə, 1979-cu ildə İran İslam İnqilabının fəal iştirakçısı olub. Təqiblərə məruz qaldığı üçün 1985-ci Şimali Azərbaycana keçib. Və Azadlıq Hərəkatının ən yüksək zirvəsi olan Meydan Hərəkatına qatılıb.
Qeyd edək ki, həmin illərdə İrandan Sovet İttifaqına çox sayda soydaşımız gəlib. Amma Sovetlər birliyinə keçməmişdən öncə beyinləri bütünlüklə marksizmə, sosializmə köklənibmiş. Azərbaycana gələndən sonra isə görüblər ki, tamamilə düşündüklərinin əksidir. Çox qısa bir zamanda ideya baxımından onlarda böyük dəyişikliklər olub. Əksəriyyəti Azərbaycanda başlamış Azadlıq Hərəkatına qatılıb. Onlardan heç birinin rolu Siyamək qədər olmayıb.
Siyamək Meydan Hərəkatına, daha əvvəl cənubdan gəlmiş soydaşı Məhəmməd Hatəmi Tantəkinin vasitəçiliyi ilə gəlib. Hərəkatdan təşkilatçılığında önəmli rolu olsa da, meydan dağılana qədər sadəcə hərəkatın sıravi üzvü qismində orada olub.
Yaxın dostu və əqidədaşı Bəxtiyar Tuncayın dediyinə görə, onunla ilk dəfə 1987-ci ildə tanış olub və dostluq Siyamək Rəhbəri dünyadan köçənə qədər davam edib:
"Təbii ki, o vaxt proseslər indi təsəvvür etdiyimiz, danışdığımız qədər asan olmayıb. Qabağa çıxmaq çətin idi. Hər şey rusun gülləsi qarşısında baş verirdi. 1985-1986-cı illərdə Cənubdan çox sayda soydaşımız Azadlıq Hərəkatına qatılıb. Onların ən fəalı, ən cəsarətlisi Siyamək idi. Siyamək - Rəhbərinin inqilabi kod adı idi. Azərbaycana da bu kodla gəlmişdi və burada da o adla fəaliyyət göstərdi. Onun gördüyü işi heç kim görə bilmirdi.
Siyaməkin Cənubu Azərbaycanda qazandığı inqilabi təcrübə bizim işimizə çox yarıyırdı. Biz onun İran inqilabından təcrübəsini görür və bəhrələnirdik. Mitinqlərdə çıxış etməsə də, mitinqlərin və digər tədbirlərin təşkilində böyük rolu olub. Müəllifi olduğum "Dünyanı silkləyən 17 gün'" adlı əsərdə Siyaməkə xeyli yer ayrılıb".
Sonralar da həyatını o taylı, bu taylı Azərbaycan üçün fəda edən, Siyamək Rəhbəri 8 Aprel 2021-ci ildə bəşəriyyətin bəlasına çevrilmiş koronavirus səbəbindən dünyasını dəyişib.
Azərbaycan Türk Ocağı olaraq Siyamək bəyin yeganə qızı Dənizə, ailəsinə, Əcəbşir şəhərindəki qohumlarına dərin hüznlə baş sağlığı veririk. Allah Azərbaycan fədaisinə rəhmət eləsin. Əminik ki, soydaşlarımız həmişə milli mucadilənin önündə olmuş Siyamək Rəhbərinin yolunu davam etdirməyi özünə şərəf işi biləcək.