Türkcə namaz mübahisəsi: Əhməd bəy Ağaoğlunun unudulmayan yazısı

Akif Aşırlı

  • "Allah yalnız ərəbin Allahıdırmı?"- 100 il əvvəl yazılan məqalə yenidən gündəmdə

Müqəddəs Qurani-Kərimin Azərbaycan türkçəsində oxunub, möminlərin ana dilində namaz qılmasının mümkünlüyü barədə mübahisələr XX əsrin əvvəllərində ictimai rəy ifadəçilərinin və milli mətbuatın müzakirə mövzularından biri idi. Daim diqqətdə saxlanılan mövzu olmasa da, milli ideologiya tərəfdarları Quranın fəlsəfəsinin, ayələrin məna və mesajlarının Azərbaycan dilində oxunmasını məqbul hesab edir, bunu cəhalət və fanatizmin qarşısında səddlərdən biri sayırdılar.

Ana dilində Qurani-Kərimin mahiyyətinə varmağın bu müqəddəs kitabın dərki üçün zəruri olduğunu, bu halın Quranla ziddiyyət təşkil etmədiyini əsaslandırmağa çalışırdılar. Bu fikir sahiblərindən biri və bəlkə də birincisi Əhməd bəy Ağaoğlu idi. O, Azərbaycanda olduğu kimi, Türkiyədə də eyni düşünür, ana dilində Quranı anlamağın faydalarını sadalayıb müdafiə edir, Atatürkün başlatdığı milli islahatlara dəstək verirdi.

Ə. Ağaoğlunun Türkiyənin "Milliyyət" qəzetinin 1926-cı il 11 aprel tarixli sayında yazdığı "Türk dili haramdırmı?" məqaləsi bu baxımdan əhəmiyyətini qoruyub saxlayır. Məqaləni Türkiyə türkcəsindən çevirərək "Şərq"in oxucularına təqdim etməkdə, düşünürəm ki, fayda var.

Türk dili haramdır?

​İstanbul məscidlərindən birində türk hocalarından biri bir cox möminlə birlikdə Türkcə namaz qılmışdır. Türkcəni rəsmi dil elan edən, bu rəsmi dili dövlətin təməli olaraq qəbul eləyən bir məmləkətdə bundan daha təbii bir hadisə ola bilərmı? Fəqət, heyf ki, təbii davranmaq və məntiqlə hərəkət etmək hələ bir çoxlarının təfəkkürünə yaddır. Son hadisələrdən anlaşılır ki, bəziləri bu hadisəyə kəskin reaksiya verərək hocanı Diyanət Müdiriyyətinə şikayət ediblər. Məntiqi düşünməyə alışmayanlar üçün belə bir hərəkəti çox görünür. Fəqət çox və həm də çox təəccüb ediləcək bir detal varsa, o da Diyanət Müdiriyyətinin bu şikayətə əhəmiyyət verməsi və Türkcə namaz qılan hocanı, müvəqqəti də olsa, vəzifəsindən kənarlaşdırmasıdır.

​Hocanın qəbahəti nədir? Hər hansı bir məmuru vəzifədən kənarlaşdırmaq üçün qanunla cinayət sayılaçaq və ya qüsur hesab edən bir əməli törətməsi lazımdır. Təkrar soruşuruq: Hocanın qəbahəti nədir? Hansı qanun və ya şəriətin hansi düsturu Türkcənin dualarda işlədilməsini qadağan edib? Türkcə haram bir dildirmi, şəriətdə haram bir dil varmı?

​Heç unutmaram, vaxtilə İstanbul Türk Ocağında verdiyim bir konfransda Həzrəti Quranın Türkcəyə tərcümə olunması lüzumunu irəli sürmüşdüm. Bunu din naminə, türklərin Həzrəti Qurandan faydalana bilmələri naminə söyləmişdim. İkinci gün məşhur, Misirdə ərəb vətənpərvəri kimi tanınan Əbdüləziz Çaviş Bəyazid məscidində vəz verərək mürtəd olduğumu söyləmiş və mənim üçün iman və nikahın təzələnməsi lüzumundan bəhs etmişdi.

​Çavişin ruhi vəziyyətini və onu təhrik edən səbəbləri çox yaxşı anlayıram. İrq və cins ayrı-seçkiliyi qoymadan bütün bəşəriyyətin xilası üçün nazil olan bu müqəddəs kitabı və bu kitabın müxatəbi olan müqəddəs vücudu yalnız bir qövmün malı hesab edərək, digər qövmlərə dillərini və şüurlarını itirtdirib oxumaq tərəfdarı olanlar üçün belə bir hərəkət gayət təbiidir. Onlar üçün Türkcəni işlətmək bir irtidad (dindən dönmə) və Türklükdən bəhs etmək də bir dəlalətdir. Allah yalnız ərəbin Allahıdırmı və ərəbcədən başqa bir dil işlədənləri nə dinləyər, nə eşidər, nə də anlayar?

Əcdadımızı buna inandırmamışlar? Gözəl Türkcəmizlə uğraşmağı, məşğul olmağı əbəs və hətta günah bir əməl kimi qəbul etməyə təhrik etməmişdilərmi? "Türk" kəlməsinin təhqir ifadə etdiyini bizə qəbul etdirməmişdilərmi? Dilimizi, şüur və vicdanımızı, milli kimliyimizi bu təlqinlər sayəsində itirmək üzrə deyildikmi? Ərəbdən çox ərəb, əcəmdən çox acəm olmaq yarışında deyildikmi? Bizi bu hala gətirənlər eyni zamanda bizi Həzrəti Qurandan, İslamın ali mənalarından məhrum etmişdilər.

​Türklər felən dini mənbələrdən məhrum olduğu, qıldığı namazın, etdiyi duaların belə mənalarını anlayamadığı üçün dinindən də məhrum qalmışdı. Dinin yerinə qafasında və qəlbində əsla əlaqəsi olmayan və dinə daban-dabana zidd olan xurafat daşıyırdı. Fəqət bərəkət versin ki, gözlərimiz gec də olsa açıldı. Türklüyümüzü və müsəlmanlığımızı dərk etdik. Nə Müsəlman olmaq ərəb olmaq, nə də Türk olmaq Müsəlman olmamaq demək olmadığını öyrəndik. Əksinə, həqiqi Türkün həqiqi müsəlman olduğuna inandıq. Çünki hadisələr sübut etdi ki, müsəlmanlığı müdafiə, mühafizə və davam etdirən yeganə həqiqi amil Türklərdir.Türksüz müsəlmanlıq yaşamaz, yaşaya bilməz.

​Buna görə də Türk mənən və maddətən qüdrətli olmalıdır ki, müsəlmanlıq da mənən və maddətən güçlü olsun. Bunun üçün də Türk məfhumunu ifadə edən bütün maddi və mənəvi amillər inkişaf etməlidir. Qeyd olunan amillər arasında ən mühümləri Türk dili və Türkün şüurlu dinidir. Türk dilinin hər sahədə inkişafı, bütün sahələrdə hakim olması və işlədilməsi lazımdır. Dinin şüurlu olması üçün də Türklər o dinin mənbələri olan Həzrəti Quranla, Quranın əmr etdiyi bütün dua və niyazlarla birbaşa təmas etməlidir. Onların mənasını anlayaraq feyz almağa çalışmalıdır. Türk milləti altı ildən bəri apardığı möhtəşəm mübarizəni sırf özünün bu inkişafı üçün həyata keçirməkdədir. Yoxsa dili də, dini də, həyatının digər təzahürləri də əskisi qalacaqsa, bu mübarizədən fayda nədir?

​Bu nöqteyi-nəzərdən Türkcə namaz qılmış hoca həm dilimizin, həm də dinimizin inkişafına, yəni apardığımız mübarizə və inqilabın əsaslarına xidmət edib. O halda belə bir hoca necə olur cəza görür, necə olur da inqilabın başında duran bir müdiriyyət belə bir hocanı vəzifəsindən kənarlaşdırır?

​Əhmət Ağaoğlu , 

" Milliyyət " qəzeti 11 aprel 1926 - cı il №: 60

Əhməd Ağaoğlu, "Milliyyət" qəzeti,

11 aprel 1926-cı il, № 60