Xameneinin Türkiyədəki gizli ünvanı - MİT arxivindən ortaya çıxdı

Milli Kəşfiyyat Təşkilatı (MİT) İran İslam İnqilabının lideri Ayətullah Xameneinin Türkiyədəki iqaməti ilə bağlı “çox məxfi” qeydi ilə göndərilən 11 noyabr 1964-cü il tarixli məktubu yayımlayıb.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, MİT-in rəsmi internet saytında “Özəl Kolleksiya” bölməsi altında yer alan “Sənədlər” hissəsində yayımlanan kəşfiyyat materiallarına yenisi əlavə olunub.

Sənəd İran İslam İnqilabının lideri Ayətullah Xameneinin 4 noyabr 1964- 5 oktyabr 1965-ci il tarixləri arasında MİT-in nəzarəti altında Türkiyədə yaşadığı dövrlə bağlıdır. Sənəd Milli Təhlükəsizlik Xidməti rəisi Ziya Selışıkın imzası ilə İstanbul Mərkəz Şöbəsinə “çox məxfi” qeydi ilə göndərilmiş 11 noyabr 1964-ci il tarixli əmr məktubudur.

Hesabatda aşağıdakı ifadələrin yer aldığı qeyd olunur:

“İranlı qonaq Türkiyəyə gəlmiş və onun Bursada qalması qərara alınmışdır. Qonağın qalacağı ev və onunla bağlı digər işlər Bursa Yuva İdarəsi tərəfindən bilavasitə təşkil ediləcəkdir. Lazımi təlimatlar yazılı və şifahi şəkildə Bursa Yuva İdarəsinə göndərilmişdir. Qonaqla bağlı şifrə və digər yazışmalarda "bəlli" kod adı istifadə ediləcəkdir. Məlumat üçün rica edirəm.”

TÜRKİYƏDƏKİ SÜRGÜN İLLƏRİ

Ayətullah Xamenei 1962-1963-cü illərdə şah rejimi dövründə həbs olunmuşdu. Bir il həbsdə qaldıqdan sonra 4 noyabr 1964-cü ildə Türkiyəyə sürgün edilib.

İlk olaraq Ankaraya gətirilən Xamenei daha sonra Bursaya aparılıb.

BURSADA QALDIĞI EV

Bursanın Çekirge və Setbaşı bölgələrində iki fərqli evdə qalan Xameneinin Karaağaç məhəlləsi Sakaldöken küçəsində yaşadığı ev son illərdə 20 milyon lirəyə satışa çıxarılmışdı.

Üç müstəqil mənzildən və geniş bağçadan ibarət olan evin ümumi sahəsi 754 kvadratmetrdir.

2021-ci ildə yayılan xəbərlərə görə, ev sahibi Kemal Eroğlu əvvəl İran rəsmilərinin evlə maraqlandığını, lakin satışın baş tutmadığını bildirmişdi:

“1964-cü ildə Bursaya gələn Xamenei təxminən 6-7 ay bizim evdə qalıb. Ulucamiyə tez-tez getdiyinə görə yaxınlıqda olduğu üçün bu evi seçib. İranlılar sənədli film çəkmək üçün gəlmişdilər. İran konsulluğundan da gələnlər oldu. Hətta İranın 6-cı prezidenti Mahmud Əhmədinejad da evi ziyarət edib. Bizə satmaq istəyib-istəmədiyimizi soruşdular. O vaxt satmaq istəmədik, indi isə satacağıq.”

Eroğlu evin 20 milyon lirəyə satılacağını bildirərək bunları əlavə edib:

“754 kvadratmetr sahəsi var, 3 mərtəbəlidir və böyük bağçaya sahibdir. Mərtəbələr bir-birindən müstəqildir. Öncəliklə İran tərəfinə satmaq istərdik. Çünki burada mənəvi bir dəyər var.”

O həmçinin qeyd edib ki, məhəllə sakinləri Xameneini xatırlayır:

“Bu məhəllədə bilinən bir hadisədir. Evdə ondan bir iz yoxdur, çünki bu, sürgündə gizli qalınan bir evdir. O vaxt evin sahibinin iki evi olub, biri Çekirgədə, biri burada. Dediyinə görə 4 ay Çekirgədə, 7 ay burada qalıb. Sonradan ev 1980-ci illərdə nənə-babalarımız tərəfindən alınıb və içi təmir edilib.”