"Bir neçə gün öncə lisey və gimnaziyalarda qəbulla bağlı yeni qərar qəbul olundu ki, bu da narazılıqla qarşılandı".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, ictimai etirazlardan sonra qərar ləğv olundu:
"Təhsil strategiyası ilə bağlı məsələyə ciddi yanaşmalıyıq. İndiki rəhbərlik deyir ki, bugünkü problemlər 20 il əvvəlkilərin səhvidir. İndiki səhvlər barədə də 20 il sonra danışarlar. Biz səhv axtarmamalıyıq. Sözügedən problemlər haqqında ciddi düşünməliyik".
Qeyd edək ki, Bakı və regionlarda yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesi başlayıb. Təhsil İnstitutunun yaydığı ilkin məlumata görə, bu il yalnız 6-cı sinif şagirdləri (yəni 7-ci sinfə keçənlər) bu imkandan yararlana biləcəkdi. Lakin bu qərar övladlarını digər siniflər üzrə xüsusilə 4 və 5-ci siniflərdən liseylərə hazırlayan valideynlərin ciddi narazılığına səbəb oldu və ardınca liseylərə qəbul imtahanı ilə bağlı yeni qərar qəbul edildi.
Bildirildi ki, şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sherg.az-a bildirdi ki, təhsil strategiyası bir nəzəri müddəalar toplusu kimi bizdə hər zaman vacib məsələləri özündə əks etdirib:
“İstər 20 il əvvəl, istərsə də hazırkı dövrdə təhsillə bağlı hazırlanan strategiyalar, proqramlar özünün məzmun xətti ilə yaxşı mənada fərqlənib. Əsas məsələ həmin nəzəri məzmunun, praktiki tətbiq məsələləridir. Bunlar, olubmu, olmayıbmı, necə tətbiq edilib və s.-bax, məsələnin problematik tərəfi elə budur. Elə problematik meyarlar var ki, onlar pərdə arxasında qalır. Yəni biz onların fərqinə ya varmırıq, ya da sonradan xəbərdar oluruq. Məsələn, illərin təhsili bizim şagirdlərdə analitik düşünmə qabiliyyətini, biliyin təhlil aləti kimi dəyərləndirilməsi, situasiyalara əsasən işlədilməsini, nəzəri məzmunun həyati tətbiq bacarıqlarını verə bilmədi. Biz yalnız nəzəri bazaya informativ yüklənmə kimi yanaşıb, biliyi yaddaş çərçivəsindən o tərəfə çıxara bilmədik. Tədris prosesinin missiyası test imtahanlarında, universitetlərə qəbul zamanı yüklənmiş yaddaşın yoxlanılması missiyası ilə başa çatdı. Məhz bu kimi yanaşmalarda müəyyən çatışmazlığı qeyd etmək olar”.
Ekspertin sözlərinə görə kurikulum modelinin tətbiqi, yerli orta təhsil seqmentinə gətirilməsi nəzəri istiqamətdə daha da rəngarəngliyə səbəb oldu:
“Kurikulum özü ilə təfəkkür yönümlü yanaşmanı da gətirdi. Amma təəssüf, gedişat onu göstərdi ki, biz təhsil bu yanaşmalar da kağız üzərində, nəzəri baza olaraq öz işini tamamlamış oldu. Çünki orta ümumtəhsil seqmenti həmin nəzəri bazanın, kurrikuluma aid olan məzmun standartlarını özündə tətbiq edə bilmədi. Yüksək səviyyədə hazırlanmış və yazılmış məzmun standartları sinif otaqlarına ayaq basa bilmədi. Düşünürəm ki, təhsil strategiyamızda bu iki amil- biliklərin həyati tətbiq keyfiyyəti və biliyin yaddaş çərçivəsindən çıxaralaraq təfəkkür, təsəvvür və təxəyyül mərhələsinə keçidinə önəm verilməlidir”.