“Tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz?”
Bakı metropolitetinin “qırmızı” və “yaşıl” xətlərinin ayrılması məqsədilə aparılacaq tikinti səbəbindən avqustun 15-dən etibarən “28 May” – “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırıldı. Məlum idi ki, tədris ili başlananda ictimai nəqliyyatda ciddi problemlər olacaq. Metronun daşıdığı sərnişin yükünü heç bir yerüstü nəqliyyat daşımaq gücündə deyil. Gözlənildiyi kimi də oldu. Günlərdir insanlar yollarda əziyyət çəkir, saatlarla tıxaclarda qalır, dayancaqlarda avtobus gözləyirlər. AYNA-nın sıxlığı azaltmaq, sərnişinləri mənzil başına çatdırmaq üçün xətlərə ekspress və əlavə avtobuslar buraxması da problemi demək olar, çox cüzi həll edir. Bu şəraitdə işə gedənlərin də, dərsə gedənlərin də gecikməsi təbii xarakter daşıyır və təbii, anlayışlı qarşılanmalıdır. Bu da nəzərə alınmalıdır ki ali təhsil müəssisələrinin bir neçəsi məhz metronun “yaşıl xətt”i üzərindəki stansiyanın - “Elmlər Akademiyası”nın ətrafındadır. Bu reallıq digər ali təhsil müəssisələrini problemdən kənar saxlayır anlmına gəlməməlidir. Çünki şəhərdə hər hansı bir ərazidə sıxlıq, tıxac varsa, bütün yollara təsir edir. Lakin xüsusən ali məktəblər ictimai nəqliyyat problemini görməzdən gəlmək fikrindədir. Tələbə dərsə gecikirsə, qaib yazılır, bu da semestr imtahanları zamanı mənfi təzahürünü göstərəcək.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, tələbələrin dərsə gecikməsi onların özlərinin istəyindən asılı olaraq yaranmır. Nəqliyyat istiqamətində təmir və bərpa ilə əlaqədar yaranan problemlər, vaxtilə düzgün şəhər planlaşdırılmasının olmama səbəbindən şəhərin doyması və bundan irəli gələn sıxlıq və s. tələbələrin, hətta müəllimlərin də dərsə müəyyən qədər gecikməsilə nəticələnir:
- Bəziləri də çıxıb danışmaq xatirinə danışır ki, tələbə dərsə 15 dəqiqə gecikirsə qaib yazılmalıdır və güzəşt edilməməlidir. İndi sual verirəm Boloniya sistemində bu, o qədər vacibdirmi?! Mənsə deyirəm ki, tələbələri bu qədər sıxmaqla nəyə nail olmaq istəyirsiniz? Olmaz ki, 20-30 dəqiqə gecikməyə görə güzəşt edilsin? İstisna hal kimi bu güzəşti fürsətə çevirənlər cəzalandırılsın. Paytaxtdan və Sumqayıtdan başqa respublikanın digər ərazilərində davamiyyətlə bağlı sıxıntı ən aşağı səviyyədədir. Tələbədən asılı olmadan yaranmış vəziyyətə görə onları günahlandırmaq və cəzalandırmaq gələcəyi məhv etməkdir.