Elçin Əfəndi: “İmtahan sualları müəllimləri vaxt tələsinə salmamalıdır”

  • Ekspert sualların həcmi ilə bağlı vacib məqama aydınlıq gətirdi

Sertfikasiya imtahanlarında iştirak edən müəllimlərin narazılıqları bitmir. Biologiya fənni üzrə sertifikasiya imtahanı vermiş bir qrup müəllim bu günlərdə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri və eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifələrini icra edən Elnur Əliyevdən şikayət edərək, onun müəllimlərin qarşısına çıxıb suallarına cavab verməsini tələb edirlər.

Hətta E.Əliyev qarşılarına çıxmayanadək aksiyalarına davam edəcəklərini, küçədə asfaltın üzərində əyləşəcəklərini bildiriblər. Müəllimlər iddia edir ki, suallar çətin və həcmcə böyük olub. Bəzi suallar A4 formatlı vərəq həcmində imiş, kompüterin monitoruna sığmırmış. Bu cür sualları oxuyub başa çatmaq xeyli vaxt itkisinə səbəb olur, nəticədə cavablandırmağa çox az vaxt qalır. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi yaranmış vəziyyətlə bağlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, imtahan sualları əlavə vaxt itkisinə rəvac verəcək şəkildə tərtib edilməməlidir: 

- Suallar tərtib olunur, həcmi böyük və ya kiçik ola bilər. Amma biz bunun tərəfdarıyıq ki sullar əlavə vaxt itkisinə rəvac verəcək şəkildə olmasın. Yox əgər, suallar artıq tərtib olunubsa və mövzunun əhatə dairəsi müəyyən qədər genişdirsə, bu zaman imtahanın gedişatında bunu imtahan rəhbərlərinə, nəzarətçilərə bildirməlidirlər. Bu hal yaşanıb artıq. Hər kimin iradı varsa bu haqda imtahan götürən quruma bildirsin. Nazirlik və imtahanları təşkil edən qurum sualları bir müəllimin yaza biləcəyi vaxt bölgüsünə əsasən hazırlayır. Kimsə düşünüb cavablandırmaqla bağlı probolem yaşayırsa, bu həmin şəxsin tez və ya gec işləyə bilmək bacarığına bağlı məsələdir. Əlbəttə, balansın saxlanması üçün sualların həcmi kiçik olmalıdır, amma müəllim də bilməlidir ki, istəniən formatda sual ola bilər, bunu nəzərə alaraq imtahana hazırlıqlı getmılidir.