Elm və Təhsil Nazirliyinin “Son zəng” təlimatı vaxtında verilmiş qərardır - Təhsil eksperti

Məktəblərimizi cəmiyyətin böyük əksəriyyətinin rəğbət bəslədiyi, müqəddəs və xatirələrlə dolu “Son zəng” ab-havasına qaytarmaq üçün atılmış ən doğru addımlardan biridir

Sabah ölkənin bütün ümumtəhsil məktəblərində son zəng çalınacaq. Elm və Təhsil Nazirliyi tərəfindən “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib. Təlimata əsasən, tədbir məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalı, tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

“Son zəng” üçün 2 saat vaxt ayrılıb. Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də öz əksini tapıb. Şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari tərtib edilməlidir. Həmçinin qeyd olunur ki, “Son zəng” tədbirində iştirak edən məktəb rəhbərliyinə, müəllimlərə və dəvət olunmuş qonaqlara hər hansı hədiyyənin təqdim edilməsinə yol verilmir.

Təlimatda “məzunlar məktəbli formasında olmalıdır” tələbi xüsusilə diqqət çəkir. Son illərdə məzunların fərqli geyimlərdə tədbirə qatılması, sinif müəllimlərinin tövsiyəsi ilə xüsusi geyimlərin sifariş edilməsi halları müşahidə olunur. Bu baxımdan, təlimatın tələblərinə əməl olunarsa, fərqli geyimlərə artıq icazə verilməyəcək.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a deyib ki, “Son zəng”in özünəməxsus ab-havası var və məhz məktəbli forması bu ab-havanı daha da gözəlləşdirir:

- Elm və Təhsil Nazirliyinin “Son zəng” tədbirlərinin keçirilməsi ilə bağlı təlimatı vaxtında verilmiş və zəruri bir qərardır. Biz bu təlimata qadağa prizmasından deyil, pedaqoji-psixoloji və mənəvi dəyərlər baxımından yanaşmalıyıq. Məktəb fərdi ambisiyaların, dəb nümayişinin və ya kiminsə maddi imkanlarının sərgiləndiyi podium deyil. Məktəb bərabərliyin, elmin və təlim-tərbiyənin məkanıdır. Bəzi şagirdlərin fərqli, bəzən həddindən artıq bahalı, məktəb mühitinə yad geyimlərlə “Son zəng”də iştirak etməsi şagirdlər arasında sosial bərabərsizlik hissi və psixoloji gərginlik yaradırdı. Maddi imkanı çatmayan şagirdin həmin tədbirdə hansı sıxıntıları yaşadığını təsəvvür edək. Məktəbli forması isə bütün məzunları bərabər statusda bir araya gətirir. Son ana qədər onlara şagird olduqlarını, məktəb ocağının bir parçası olduqlarını xatırladır. “Son zəng”in özünəməxsus estetikası var və bu estetika məktəbli formasının doğmalığı ilə daha da gözəldir.

Musiqi məsələsinə gəlincə, bəzi məktəblərdə səsləndirilən bayağı, heç bir bədii və tərbiyəvi əhəmiyyət daşımayan mahnılar, şagirdlərin qeyri-etik davranışları cəmiyyətdə haqlı olaraq ciddi narazılıq doğururdu. 11 illik təhsil yolunun sonu şou-biznes səviyyəsinə endirilməməlidir. Məktəb mühitində milli musiqimizə, gəncləri vətənpərvərliyə, gələcəyə və elmin fəzilətlərinə səsləyən melodiyalara yer verilməlidir. Biz gəncləri robotlaşmaqdan qorumağın vacibliyindən danışırıqsa, onların estetik zövqdən uzaq, bayağı ritmlərin təsiri altında qalmasına da göz yuma bilmərik. Bu da mənəvi robotlaşmanın bir formasıdır.

“Son zəng” idarəolunmaz vidalaşma mərasimi deyil, rəsmi, eyni zamanda səmimi bir vida tədbiri olmalıdır. Şagirdlər müəllimlərinə minnətdarlıqlarını ifadə etməli, keçdikləri yolu xatırlamalıdırlar. Hesab edirəm ki, nazirliyin bu təlimatı məktəblərimizi cəmiyyətin böyük əksəriyyətinin rəğbət bəslədiyi, müqəddəs və xatirələrlə dolu “Son zəng” ab-havasına qaytarmaq üçün atılmış ən doğru addımlardan biridir. Məktəbin, müəllimin və “Son zəng”in nüfuzunu qorumaq hər birimizin borcudur.