Hələ baş sındırırlar

Şərtlər ağırdır, tələbələr təhsil kreditlərinə yaxın düşə bilmirlər

"Şərq"in apardığı araşdırma vəziyyətin ürəkaçan olmadığını üzə çıxardı

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatıb.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Bugünədək tələbə krediti üçün 5 651 müraciət qeydə alınıb. Onlardan  2 447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.
Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna yenidən start verilib.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Bəs, tələbələr bu imkandan yetərincə yararlana bilirlərmi?
“Şərq” bu barədə tələbələrin fikirlərini öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin 3-cü kurs tələbəsi, universitetin Tələbə Gənclər Təşkilatının sədri Əlirza Əlizadə yaradılan imkanın ehtiyacı olan hər kəs üçün əlçatan olmadığını düşünür.
 “Özüm dövlət sifarişi əsasında təhsil alsam da, ixtisas qrupumda, universitet yoldaşlarım və dostlarım arasında ödənişli əsaslarla təhsil alan tələbələr var. 
Onlar təhsil krediti üçün müraciət etdikləri zaman bu barədə kiçik bir araşdırma apardım. Qismən qane edir. Amma bütün tələbələr üçün əlçatan deyil”.
Tələbə eyni zamanda kredit üçün müraciət edən bəzi dostlarının buna müvəffəq ola bilmədiyini vurğulayıb:
“Çünki bəzi şərtləri qarşılaya bilmədilər. Səhv etmirəmsə, ödənişə görə  20 faizinin maddi imkanları uyğun olmadı”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Züleyxa Ağamalıyevanın sözlərinə görə isə tələbə təhsil kreditləri çox yaxşı təşəbbüsdür. 
“Lakin, tələbə yoldaşlarımın üzləşdiyi problemlərdən gördüm ki, sistemdə problemlər var. Məsələn, onlardan biri  kredit almaq üçün ərizə ilə müraciət etsə də, çox gec cavab verildi. Bir tərəfdən də universitet illik ödənişi ödəməsi üçün sıxışdırır. Tələbə də çətin vəziyyətdə qalır. Buna görə də, işlərini daha operativ görməlidirlər. 
Tələblərin də yumşaldılmalı olduğunu düşünürəm. Əlavə olaraq, universitetin də ÜOMG-si (ümumi orta göstərici) də nəzərə alınmalıdır”. 
Azərbacan Dövlət İqtisad Universitetində təhsil alan Sabir Hacızadə tələbə-təhsil kreditinin verilməsinin təhsilin əlçatanlığını artıracağını bildirib. 
“Düşünürəm ki, həm sosial həssas qruplardan olanlara, həm də standart əhaliyə bu kreditin verilməsi maddi vəziyyətlə əlaqədar universiteti bitirə bilməyən tələbələrin sayını azaldacaqdır. Təbii ki, kredit verilərkən tələbənin giriş balına və yaxud qiymət göstəricilərinə baxılması müsbət addımdır. Lakin, bəzən maddi durumu kasad olan bir tələbənin qiymətinin aşağı olması və ya kəsiri olması kreditdən istifadə edə bilməməsinə səbəb olacaq. Bu tələbənin vəziyyətinə həmin kreditlərin bir təsiri olmadığını göstərir. Faizlərin tələbələr üçün yuxarı olması, xaricdə təhsil almaq istəyən tələbələr üçün də bu kreditin verilməməsi digər mənfi amillərdir. Azərbaycanda ilk dəfədir tətbiq edilən bu prosedurun yaxın gələcəkdə problemlərin aradan qaldırılması ilə əlçatanlığını bir az da artıracağına ümid edirəm”.
Məsələ ilə bağlı açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi də şərtlərin sərt olduğunu bildirib:
“Ümumilikdə çox az tələbə bu kreditdən yararlana bilir. Halbuki, biz bu tələbələrin sayının daha çox olmasını istəyirdik. Ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 146 373 nəfərdir. Onların içərisindən cəmi 3000-3500 nəfər bu kreditdən yararlana bilir. Krediti köçən tələbələrin sayı olduqca azdır. Qaydalar bir qədər yumşaldılmalıdır. Hazırkı sərt qaydalar ürəkaçan deyil.
İki növ kredit almaq imkanı var. Sosial həssas qrupdan əhaliyə daxil olan və standart kredit alan tələbələr var. Birinci qrupda kimlərin olduğu bəllidir. Ancaq ikinci qrupa sadəcə 71 baldan yuxarı göstərici əldə edənlər aid edilir. 
Ödənişli əsaslarla təhsil alan 126 173 tələbədən 80 930-u bakalavr, 851-i isə magistr pilləsinə aiddir. Digər 34 392 nəfər subbakalavrdır. Qalan 20 mindən çoxu məcburi köçkün və ya digər statusu olan tələbələrdir ki, onların təhsil haqqı onsuzda dövlət tərəfindən qarşılanır. Yəni onlar təhsil haqqından birbaşa azaddırlar.
Bunları nəzərə alanda ortaya belə bir nəticə çıxır ki, ümumilikdə 56 208 tələbə kredit götürə bilər. Ancaq şərtlərə görə təəssüf ki, bu say təxminən 3500 nəfər oldu. Ona görə də, yaz semestrində qaydalar yumşaldılmalıdır ki, tələbələrin bu kreditdən yararlanma imkanları genişlənsin”.

Sənan İsmayıl