İndi də qaydalar var, kimdir ona əməl edən?


Yeni hazırlanan davranış qaydaları məktəbdəki hadisələrin 30 faiz qarşısını alacaq

“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub”.
Bunu Təhsil Nazirliyində Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, ölkədə 70 minə yaxın sinif komplekti var və gündə 350 min dərs keçirilir:
"Bu halda müəyyən problemlərin olması qaçılmazdır. Ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb, tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Yeni qaydalarla məktəblərdə davranış məsələlərini idarə etmək mümkün olacaq”.

Tətbiq olunması nəzərdə tutulan yeni davranış qaydaları ilə bağlı “Şərq”ə açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, əsas mahiyyət son zamanlar yayılan görüntüləri yayılan bu və digər xoşagəlməz halların qarşısını almaqdan ibarətdir.

“Ümumtəhsil məktəblərində nəzarət mexanizmi tətbiq edirlər. Burada müəyyən qaydalar və qadağalar müəyyən olunub. Ancaq hələ ki, bu barədə ictimaiyyətə açıqlama verilməyib. Hansı meyarların olduğu barədə məlumat yoxdur. 

Biz bu qaydaları 2022-2023 tədris ilinin başlanğıcından yox,  indidən tətbiq etsəydik, daha məqsədə uyğun olardı. Çünki, hələ tədris ilin başa çatmağına 5 ay qalıb. Bu müddət ərzində xoşagəlməz hallar yenə baş verəcək. Ancaq ziyanın yarısından da dönmək xeyirdir. Ən azından sentyabrdan tətbiq olunmağa başlayacaq. 

Yeni tənzimləmlərlə problemləri tam şəkildə aradan qaldırmaq mümkün olmayacaq. Çünki indi də müəyyən qaydalar var və bir çox müəllim və şagirdlər onlara əməl etmirlər. 

Ancaq müəyyən qədər azalda bilərik. Həmin qaydalar bu hadisələrin 30-40 faiz qarşısını alacaq. Bu qaydaların işləməsinə düzgün nəzarət olunarsa, faizi daha da artırmaq olar”. 

Sənan İsmayıl