
Müəllimin təşəkkür alması bu qədər böyük rezonans doğurmamalıdır - TƏHSİL EKSPERTİ
Əksinə, cəmiyyətin bütün strukturları müəllimi təşviq etməyə, motivasiya etməyə çalışmalıdır
Əgər təşəkkür edilən cəzalandırılırsa, təşəbbüs göstərən susdurulursa, o zaman bu peşə yalnız maaş üçün icra olunan, qorxu və təzyiq altında edilən rutin əməyə çevriləcək
Tovuz rayonunda müəllimin barmağına valideynlər tərəfindən qızıl üzük taxılması ilə bağlı yayılan video cəmiyyətdə birmənalı qarşılanmayıb.
Hadisənin ictimailəşdirilməsindən sonra sözügedən müəllimə töhmət verilməsi isə təhsil sistemində etik sərhədlər mövzusunu yenidən gündəmə gətirib. Tovuz rayonunun Əlimərdanlı kənd tam orta məktəbində baş verən bu hadisə ictimai rəyin iki yerə bölünməsinə səbəb olub. Bir tərəf bu təşəbbüsü etik normalara zidd sayaraq cəzanı haqlı hesab edir, digər tərəf isə müəllimin valideynlərin şəxsi təşəbbüslə təşkil etdiyi qeyri-rəsmi görüşdə təşəkkür xarakterli bir "jest"ə görə cəzalandırılmasını qanunsuz və ədalətsiz addım kimi qiymətləndirir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə müəllimə könüllü olaraq üzük taxıldığı görünür. Rəsmi açıqlamalarda da bildirilib ki, hadisə dərsdənkənar, qeyri-iş günü baş verib və valideynlər tərəfindən təşəkkür məqsədilə təqdim edilib. Lakin Qazax-Tovuz Regional Təhsil İdarəsi bu jestin "etik davranış qaydalarına zidd" olduğunu əsas gətirərək müəllimə töhmət verib. İdarə məktəblərə əvvəlcədən göndərilmiş təlimatlara istinad edib, həmin təlimatlarda müəllimlərə maddi və ya qeyri-maddi hədiyyə verilməsinin yolverilməz olduğu bildirilib.
Sözügedən hadisə ətrafında yaranan narahatlıq təhsil sistemində müəllimlərin təşəbbüs azadlığı, cəmiyyətin onlara münasibəti və etik qaydaların sərhədləri ilə bağlı dərin müzakirələrə yol açıb.

Təhsil eksperti Kamran Əsədov "Sherg.az"a açıqlamasında bildirib ki, bu hadisə, Azərbaycan təhsilində müəllimə verilən dəyərin nə dərəcədə praktik əksini tapdığını sorğulamaq üçün bir siqnaldır:
" Müəllimə qeyri-iş günü, məktəbdənkənar şəraitdə valideynlər tərəfindən təşəkkür məqsədilə edilən jestin töhmətlə nəticələnməsi təkcə bir intizam tədbiri deyil – bu, təhsildə ümumi münasibətin və yanaşmanın simvolik təzahürüdür. Əvvəla, məsələ hüquqi müstəvidə ciddi suallar doğurur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda müəllimin yalnız dərs demək yox, həm də şagirdlərin mənəvi və sosial inkişafına dəstək olmaq funksiyası tanınır. Belə tədbirlər – valideynlərlə sosial görüşlər, məktəbdənkənar ünsiyyət, şagird-müəllim-valideyn münasibətlərinin möhkəmləndirilməsi – müasir pedaqoji yanaşmalarda təşviq edilən hallardır. Tədbir rəsmi dərs günü deyil, qeyri-iş günü, məktəbdən kənar bir məkan və könüllü iştirakla təşkil olunub. Belə olan halda müəllimin fəaliyyətinə hüquqi müdaxilə və töhmət verilməsi qanunla əsaslandırıla bilməz.
Digər tərəfdən, istinad edilən Etik Davranış Kodeksi qanun gücündə deyil – o, sadəcə davranış standartlarını göstərən bir tövsiyə sənədidir. Bu sənəddə “yolverilməzdir” yox, “çalışmalıdır ki...” kimi ifadələr yer alır. Tövsiyə xarakterli sənədlərə əsaslanaraq intizam tənbehi tətbiq etmək hüquqi nonsens sayılmalıdır. Müəllim dövlət qulluqçusu deyil, onun əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir və Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət yalnız konkret əmək vəzifəsinin pozulmasına görə verilə bilər. Bu halda isə nə dərs olub, nə iş günü, nə də birbaşa vəzifə öhdəliyi".
Ekspertin sözlərinə görə sözügedən cəzalandırma qanunun ruhuna yox, formaya söykənən, formalist və həssaslıqlardan uzaq yanaşmadır:
"Halbuki müasir cəmiyyətlərdə müəllim təşəbbüskarlığı, peşəyə sevgi və valideynlərlə sağlam münasibət təşviq olunur. Əgər təşəkkür edən valideynlər bunu məcburi yox, şəxsi təşəbbüslə edibsə, və müəllim bu təşəkkürü qiymətləndirməyə, şagirdə münasibətə təsir vasitəsinə çevirməyibsə, burada korrupsiya, təzyiq, rüşvət anlayışından danışmaq absurddur.
Əgər cəmiyyət müəllimi bu qədər kölgə altında, daim şübhə obyekti kimi görməyə davam edəcəksə, bu, nə təhsilin inkişafına, nə də peşəyə marağın artmasına xidmət edəcək. Müəllim 300–500 manat maaşla, bir çox hallarda sosial təminat olmadan, yüksək məsuliyyət daşıyaraq gənc nəslin yetişməsində əsas rol oynayır. Onun az da olsa dəyərləndirilməsi, təşəkkür alması bu qədər böyük rezonans doğurmamalıdır. Əksinə, cəmiyyətin bütün strukturları müəllimi təşviq etməyə, motivasiya etməyə çalışmalıdır.
Əgər təşəkkür edilən cəzalandırılırsa, təşəbbüs göstərən susdurulursa, o zaman bu peşə yalnız maaş üçün icra olunan, qorxu və təzyiq altında edilən rutin əməyə çevriləcək. Bu isə cəmiyyətin, dövlətin, vətəndaşın, ən əsası uşağın uduzması deməkdir.
Müəllimi qorumaq – gələcəyi qorumaqdır. Onun təşəbbüsünü boğmaq – cəmiyyətin intellektual təməllərini sarsıtmaqdır. Bu məsələyə reaksiya – bir insana deyil, bütöv təhsil sisteminə münasibətin göstəricisidir".