- Nazirlik işini düz qurmursa, düzgün işləmirsə, kənarda, valideyndə və yaxud da ki, elmi ictimaiyyətdə səhv axtarmağı mənasız bir hərəkətdir
Dərsliklərlə bağlı narazılıqlar, plagiat ittihamları, nəhayət, Elm və Təhsil Nazirliyinin “qulağına çatdı”. Və bir açıqlama “gəldi”. Fikir verək: “Müşahidələr göstərir ki, dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil və bu zaman müzakirə zamanı gözlənilən səmərə əldə olunmur.
Dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır, hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir. Məsələn, “Azərbaycan tarixi 7” dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilib. “Biologiya 9” dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, “Riyaziyyat 7” dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, “Fizika 9” dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olub. Bu hal isə dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır". Bu, ETN-dən verilən açıqlamadır. Deməli, nazirlik dərsliklərdəki neqativləri ictimaiyyətin belinə yükləyir; ictimaiyyət aktiv olsa, dərsliklər yaxşı olacaq. Qısası, belə bir qənaət hasil olur ki ETN məsuliyyəti öz üzərindən atır və ictimaiyyəti günahkar çıxarır. İctimaiyyət geniş anlamdır. Burada valideyn də var, fəhlə də, işsiz də... Görəsən, ETN “ictimaiyyət” dedikdə konkret kimləri, nəyi nəzərdə tutur?
Azərbaycan Respublikası Təhsil İnstitutunun sabiq şöbə müdürü, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova Sherg.az-a açıqlamasında qeyd etdi ki, ETN sosial şəbəkələrdə irad bildirən ziyalıları, valideynləri nəzərdə tutur:
- ARTİ-nin sabiq şöbə müdiri kimi deyə bilərəm ki, ictimaiyyətin ETN və ARTİ-nin fəaliyyətinə etimadları olmadığı üçün birbaşa layihələrin işləndiyi vaxt rəsmi portaldan müraciət etmirlər. Bir mütəxəssis kimi, həm də öz əməkdaşları olaraq, mən iradlar və təkliflərimlə çıxış etsəm də, antimilli mətnləri askarlayib təqdim etməyimdən savayı, elmi yanaşmalarımı çatdırmaq üçün min bir zəhmətə və təzyiqə məruz qalırdımsa, dinlənilən həmin bu 1000 mütəxəssis kimlərdir, təsəvvür edə bilmirəm. Şəxsən mənim təkliflərim qismən nəzərə alınıb. O da səsimi kəsmək üçün. Fənlərin məzmununun təhsil idarəçilərini narahat etdiyinin şahidi olmamışam. İctimaiyyətə aciqlamadiqları "meyarlara" uyğun olaraq öz bildiklərini etməkdən başqa bir prinsip görmədim onların fəaliyyətində. "Burda mənəm, Bağdadda kor xəlifə." Şahid oldunuz ki, dərsliklərlə bağlı efirdə müzakirə gedən zaman birbaşa dedilər: "Yaxşı eləmişəm". (Qeyd edək ki, BakuTV-nin efirində aparılan müzakirə zamanı “Altun Kitab” Nəşriyyatının direktoru, həm də dərslik müəllifi olan fəlsəfə doktoru Rafiq İsmayılov yazar Səhər Əhmədin onu plagiatlıqda ittiham etməsi qarşılığında “yaxşı eləmişəm”, demişdi – M.R.) Ona görə də əgər mən desəm ki iradları, təklifləri nəzərə alırlar, yalan olar, çünki ictimaiyyətin gözünün içinə deyildi o söz. Şahidi olduğum odur ki, dərslikləri formal qiymətləndirmədən keçirmək üçün orta və ali məktəblərdən tələb olunurdu ki, bir gecədə rəy yazıb göndərsinlər. Bu da onların nəzərdə tutduqları “minlərlə mütəxəssis”. “Mütəxəssis rəyi” adlandırdıqları da formaldır.
“ETN-nin ictimai iştirakçılıq zəifdir”, açıqlaması məsuliyyəti cəmiyyətə yükləmık cəhdidirmi” sualına cavabında K.Aydın bildirdi ki, heç alimlər də dərsliyə bu saat ciddi qarışa bilmirlər:
- Çünki yeni kurikulum alimlərə aydın deyil. Orada standartlar var. O standartları necə reallaşdırmaq lazımdır, bu prosesdən tamamilə kənardırlar alimlər. Çox az sayda mütəxəssis bu məsələlərlə bağlı elmi, metodik baxımdan savadlı rəy verə bilər. İctimaiyyət nümayəndəsi həmin portala təklif və ya irad yazmaq üçün gərək əvvəlcə dərslikdən baş çıxarda bilsin. Sadəcə, ictimaiyyəti təəccübləndirən dərsliklərdəki anlaşılmazlıqlardır. İstəyir, müəllim olsun, istəyir, valideyn olsun, istəyir, alim olsun. Bu anlaşılmazlığı necə yazsın? O anlaşılmazlığı görür, onu sadəcə sosial şəbəkədə qeyri-rəsmi olaraq dilə gətirir. Onu necə rəsmi şəkildə götürsün, yazsın ora və sabah özü anlamaz hesab edilsin. Məsələ budur. Adamlar bilir vəziyyəti, amma bilirlər ki, belə də olmaz. Hamı bilir ki, nəsə baş verir, yeniliklər var, amma o yeniliklər onlara məlum deyil. Bu yeniliklərin cəmiyyətin ziyanına olduğunu da görürlər. Təhsilimiz yaxşı istiqamətə getmir. Uşaqlar təhsildən kənar düşürlər. Onlar üçün bilik, məzmun, dərslik əlçatan deyil. Bunu görürlər axı. Nazirliyin durub ictimaiyyəti ittiham etməsi ilə deyil ki!.. Nazirlik işini düz qurmursa, nazirlik düzgün işləmirsə, kənarda, valideyndə və yaxud da ki, elmi ictimaiyyətdə səhv axtarmağı mənasız bir hərəkətdir. Valideyn övladına öyrənməkdə kömək edə bilmir. Tapşırıqların izahı üçün nəzəri qaydalar verilməyib dərsliklərdə. Verilənlər də valideynlərə aydın deyil. Mətn dilçilyi deyilən sahə var ki kifayət qədər öyrənilməyib, amma dərsliyə daxil edilib. Valideyn də bilmir bunu, mütəxəssis də bilmir.