"“Ortaq Türk tarixi” fənni olduqca vacibdir"

Boran Əzizli: "Bu kitabda türk xalqlarının tarixində mübahisə doğuran yox, birləşdirici məqamlara diqqət yetirilməlidir"
“Ortaq Türk tarixi” və “Ortaq Türk coğrafiyası” fənlərinin türk ölkələrinin orta məktəblərində tədris olunması çox əhəmiyyətli addımdır”. Bu barədə “Sherg.az"a tarixçi-alim Boran Əzizli deyib. Alim bildirib ki, türk xalqlarının bir-birinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına daha dərindən bələd olması olduqca vacibdir: “Bunu ancaq alqışlamaq olar. İllərdir müzakirə olunan məsələ nəhayət reallığa qovuşmaq üzrədir. “Ortaq Türk tarixi”nin bu ildən orta məktəblərdə tədris olunması təqdirəlayiq addımdır. Əsas olan fənnin tədris olunmasıdır. Gələcəkdə buraxılış, yaxud qəbul imtahanlarına da salına bilər. Kitabın özünün ərsəyə gəlməsi mühüm hadisədir. Əlbəttə, kiçik nöqsanların, çatışmazlıqların olması təbiidir. Dərslik adətən onillərlə təkrar işləndikdən sonra təkmilləşir. Yaxşı olar ki, “Ortaq Türk tarixi” kitabında türk xalqlarının tarixində mübahisə doğuran yox, birləşdirici məqamlara diqqət yetirilməlidir. Kitabda türk xalqlarının tarixində böyük əhəmiyyətə malik hadisələr əks olunmalıdır”.