- Görəsən Elm və Təhsil nazirliyi bunu başa düşür?
Elm və Təhsil Nazirliyi Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırıldığını təsdiqləyib. Qərar lisenziyanın ləğvi, akkreditasiya uyumsuzluğu və tələbələrin digər ali məktəblərə köçürülməsi ilə bağlıdır. İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixində universitetin lisenziyasını ləğv edib.
Səbəb universitetin akkreditasiya nəticələrinə uyğun gəlməməsi və lisenziya şərtlərinin pozulmasının aradan qaldırılmamasıdır. Tələbələrlə bağlı isə qərar verilib ki, onlar ixtisaslarına uyğun digər universitetlərə köçürüləcək. Köçürmə prosesi təhsilin fasiləsizliyini təmin etmək məqsədi daşıyır.
Fəlsəfə doktoru, ictimai xadim Zaur Əliyev hesab edir ki, Qızlar Universitetinin bağlanması müəllim heyəti üçün də, texniki heyət üçün, tələbələr üçün də ağrılı keçəcək və ağır problemlərə səbəb olacaq. “Sherg.az”a açıqlamasında Zaur Əliyev qeyd etdi ki, bir ali təhsil ocağı bağlanmazdan əvvəl bunun hansı ağır nəticələr yaradacağı haqda düşünülməliydi:
- Ölkədə bağlanması vacib olanlar qaldı kənarda, bir ali təhsil ocağı və orda çalışan və şəxsən tanıdığım, ziyalı neçə-neçə müəllim işsiz qaldı. Tələbələrin köçürülməsi baş verəcək, əlbətdə ilk günlər psixoloji təsiri olacaq. Bəs orda çalışan texniki heyət? Müəllimlər? Hamısını hansısa başqa ali məktəblərə yerləşdirmək mümkün olacaqmı?
Z.Əliyev bildirdi ki, uzun zaman öyrəşdiyin bir kollektivi itirmək və əksər vaxtı işsiz qalmaq ağır psixoloji travma deməkdir:
- Görəsən Elm və Təhsil nazirliyi bunu başa düşür? İndiki zamanda ali məktəbdə müəllim vakansiyalarının azaldığı bir dövrdə orda çalışan insanların həyatı necə olacaq? Bəzi müəllimlər digər ali məktəblərdə dərs desələr də, aldıqları əmək haqqı ayı zorla başa vurmağa çatır. Bəs bu insanlar nə edəcək? Universitetin qüsurları, unversitetin fəaliyyəti saxlanmaqla peşəkar insanlar, elə nazirliyin özü tərəfindən zamanla aradan qaldırıla bilərdi. Orda çalışan əksər müəllimlər peşəkar insanlar idilər. Birlikdə akkreditasiya problemlərini həll etmək mümkün idi. Heyf, bizdə ağına bozuna baxmadan silməyi, məhv etməyi asan bacarırlar. Lakin qurulan sistemi yeniləmək barədə düşünmürlər.