"Şagirdlərdən telefonların yığılması müzakirə edilmir"
Emin Əmrullayev: "Videoları çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil"
“Şagirdlərin nadinc davranışları ilə bağlı görüntüləri ictimailəşdirməyi doğru hesab etmirəm”. Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gün ərzində 3-4 milyon insanın təhsillə ünsiyyəti olur, təbii ki, burada insanlar arasında müxtəlif münaqişələr yaşanır: “Bunu videoya çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil. Azərbaycanlı şagirdlər son illərdə beynəlxlaq olimpiadalarda 300-dən çox medal qazanıb. Amma nədənsə, biz onların uğurlarını çəkib paylaşmırıq. Məncə, bizim qəhrəmanlarımız onlardır. Onları ictimailəşdirmək daha doğru olar. Nadinc, partanın üstünə çıxan uşaqlar təbii ki, problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı məsələsidir. Lakin bunu gündəmin ən vacib mövzusuna çevirmək də doğru deyil”.
“Direktorların fəaliyyəti Azərbaycan qanunvericiliyi ilə tənzimlənir”
Təhsil naziri direktorlarla bağlı yayılan videolara münasibət bildirib: “Hesab edirəm ki, mənzərə göstərildiyi qədər faciəvi deyil. Direktorların fəaliyyəti Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Həmin videolarda bu və ya digər formada araşdırma aparılsa görünəcək ki, nöqsanlara yol vermiş direktorların hər biri işdən azad olunub. Bu mənada biz buna hətta faydalı baxırıq. Çünki ictimai nəzarətin bir forması da məhz bu cür videolardır. Mənim problemim bu tip videoların paylaşılması deyil. Bu videolar əsasında ümumiləşdirmə və təhlillərin aparılmasıdır. Təbii ki, belə videolar varsa, bizə də göndərmələri faydalı ola bilər”.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir: “Bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmirəm. Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”.
“Şagirdləri də başa düşmək lazımdır...”
E.Əmrullayev qeyd edib ki, müəllimlərin İşə Qəbul imtahanları ilə bağlı yeni qaydalar bir məktəbdə 3 ilə qədər çalışan müəllimlərə yerdəyişmədə iştirak etməyi qadağan etmir. Həmin şəxslər iş yerindən çıxdıqdan sonra imtahanda iştirak edə bilərlər. Nazir deyib ki, müşahidələri onu göstərir ki, hər il bir neçə min müəllim iş yerini dəyişir: “Şagirdləri də başa düşmək lazımdır ki, hər il siniflərinə başqa bir müəllim gəlir. Təhsil Nazirliyi olaraq da həmişə birinci prioritetimiz uşaqlardır. Qeyd edim ki, biz qəti şəkildə kiməsə imtahanda iştirak etməyi qadağan etmirik. Sadəcə bildiririk ki, mövcud iş yerindən çıxdıqdan sonra həmin yerə başqa müəllim gələ bilər”. Nazir Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin harada yaradılacağına münasibət bildirib: “Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin harada yaradılacağı Təhsil Nazirliyinin əmri ilə tənzimlənir. Lakin hələ bu barədə əmr imzalanmayıb. Bu barədə məlumat olan kimi ictimaiyyətə açıqlayacağıq”.