Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı niyyət protokolu imzalanıb.
Sherg.az xəbər verir ki, protokol Dövlət İmtahan Mərkəzi ilə yanaşı, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.
Sənəd türk dövlətləri arasında uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması niyyətini əks etdirir.
Protokol çərçivəsində tərəflər birgə tədbirlərin təşkili, potensialın gücləndirilməsi və bilik mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı, test tapşırıqlarının hazırlanması və nəticələrin qiymətləndirilməsində süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi aparacaqlar. Eyni zamanda, elmi əsaslara və beynəlxalq təcrübəyə uyğun dil qiymətləndirmə alətlərinin hazırlanması və tətbiqi, türk dillərinin təşviqi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, niyyət protokolu imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.