Təhsil krediti hansı şərtlərlə veriləcək? - İdeal yol göstərildi

Təhsil naziri Emin Əmrullayevin dünən keçirdiyi brifinqdə bir çox mühüm məqamlara aydınlıq gətirilib. Nazir bildirib ki, bu il tələbələr təhsil krediti ala biləcəklər:
“Ümid edirik ki, bu il neçə min tələbə təhsil krediti alacaq". O, hazırda təhsil krediti ilə bağlı qeydiyyatın davam etdiyini söyləyib.

Təhsil eksperti Rafiq İsmayılov məsələ barədə “Sherg.az”a danışarkən hələlik dəqiq bir söz deməyin çətin olduğunu söylədi: 
“Əlbəttə, bu, dövlətin tələbələrə dəstəyinin təzaharü kimi qiymətləndirilməlidir. Ancaq kreditlərin gec-tez qaytarılacağını nəzərə almalıyıq. Kredit şərtləri ilə tanış olmaq lazımdır. Yaxşı olar ki, dövlət gələcəkdə tələbələri işlə təmin etsin və krediti onların maaşından kəssin. Dünyada belə təcrübə var. Nəticədə həm imkansız tələbələr təhsillərini başa vurarlar, həm də yaxşı oxuyacaqları təqdirdə gələcəkdə işlə təmin olacaqlarını bilərlər. Fikrimcə, bu, ən ideal yoldur”.