Təhsil Tələbə Krediti gənclər üçün real çıxış yoluna çevrilib

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Bakalavriat və magistratura üzrə yüksək tələb təhsil mədəniyyətinin dəyişdiyini göstərir

“Məqsəd sadəcə kredit vermək deyil, tələbənin həyat trayektoriyasını uğura çevirməkdir”

Təhsil Tələbə Krediti Fondu 2021-ci ilin noyabr ayında fəaliyyətə başlayıb. Bu illər ərzində minlərlə tələbə Kredit Fondunun təqdim etdiyi imkanlardan yararlanaraq təhsilini davam etdirib. Bu günə qədər imzalanan təhsil tələbə kredit müqavilələrinin sayı bunu deməyə əsas verir ki, sistem təhsilin əlçatanlığı üçün faydalı olduğunu sübut edib. İndiyədək dövlət ali təhsil müəssisələrində 62 150, özəl təhsil müəssisələrində isə tələbələrlə 16 923 kredit müqaviləsi bağlanılıb. Ən böyük müqavilə sayı 54 689 kreditlə bakalavriat pilləsinə məxsusdur. Magistratura səviyyəsində 18 703, orta ixtisas təhsili üzrə 5 061, peşə təhsili üzrə isə 620 kredit müqaviləsi imzalanıb.

Qeyd edək ki, Təhsil Tələbə Kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edir. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olanlar, hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) 1-ci və ya 2-ci dərəcə əlil olanlar, işsiz kimi qeydiyyatda olanlar, yaşa görə əmək pensiyası alanlar, yaşa görə sosial müavinət alandırsa, bu ailələrin üzvü olan tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar), illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər standart kredit almaq hüququna malikdirlər. Təhsil krediti hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir. Təhsil Tələbə Krediti üçün girov və zaminlik tələb olunmur. Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürülür. Təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edir.

Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Hətta TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var. Borcalanda TTK-nin qaytarılması öhdəliyi TTK-nin qaytarılma dövründə, yəni güzəşt dövründən sonra yaranır. TTK almış, lakin təhsilini başa çatdırmamış və təhsil müəssisəsindən xaric olunmuş borcalana münasibətdə TTK-nin qaytarılması öhdəliyi bu halların təhsil müəssisəsi tərəfindən rəsmiləşdirildiyi gündən başlanır. Güzəşt dövründə borcalanın əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, tələbə kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. TTK-nin qaytarılması dövründə yuxarı təhsil səviyyəsində əyani təhsil, həqiqi hərbi xidmət, məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması), işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdədirsə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti davam edirsə, Təhsil Tələbə Kreditinin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır. TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.

Təhsil Tələbə Kreditinin təhsilin alçatanlığının təmin edilməsində mühüm əhəmiyyət daşıdığını deyən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Şərq”ə açıqlamasında bildirdi ki, təhsil tələbə kreditindən istifadə edənlərin sayı ilə bağlı təqdim olunan rəqəmlər bu mexanizmin real çıxış yolu olduğunu göstərir: 

- Bu rəqəmlər, əslində, bir neçə vacib məqamı açıq şəkildə göstərir və mən buna kifayət qədər müsbət, amma eyni zamanda realist yanaşıram. Əvvəla, Təhsil Tələbə Krediti Fondunun qısa müddətdə on minlərlə tələbəyə çatması onu göstərir ki, bu mexanizm artıq alternativ deyil, real çıxış yoluna çevrilib. Uzun illər ali təhsil almaq istəyən, amma maddi imkanları məhdud olan gənclər üçün seçim çox məhdud idi – ya təhsildən imtina, ya da ciddi maliyyə yükü. Bu fond həmin boşluğu əhəmiyyətli dərəcədə doldurmağa başlayıb.

Rəqəmlərdə xüsusilə bakalavriat üzrə üstünlük diqqət çəkir. Bu da təbiidir, çünki ən böyük tələbə axını məhz bu pillədədir. Amma magistratura üzrə də kifayət qədər yüksək göstərici onu göstərir ki, artıq gənclər yalnız diplom almaq yox, ixtisaslaşmaq və daha dərindən inkişaf etmək istəyirlər. Bu, təhsil mədəniyyətinin dəyişməsinin göstəricisidir.

Digər tərəfdən, dövlət və özəl sektor arasındakı fərq də maraqlı siqnaldır. Dövlət universitetlərində kreditlərin daha çox olması bir tərəfdən kontingentin genişliyi ilə bağlıdır, amma digər tərəfdən özəl universitetlərdə təhsil haqqının daha yüksək olması fonunda bu mexanizmin orada da daha aktiv təşviqinə ehtiyac olduğunu göstərir.

Ekspert qeyd etdi ki, burada bir vacib məqama diqqət etmək lazımdır; kreditin olması hələ problemin tam həlli demək deyil. Əsas məsələ onun geri ödəniş şərtlərinin nə dərəcədə real və tələbə dostu olmasıdır: 

- Əgər məzun iş tapa bilmirsə və ya əmək bazarında qazancı zəifdirsə, kredit sonradan sosial yükə çevrilə bilər. Ona görə də bu sistem paralel şəkildə məşğulluq siyasəti ilə uzlaşdırılmalıdır. Peşə və orta ixtisas təhsili üzrə rəqəmlərin aşağı olması isə ayrıca düşünməyə əsas verir. Bu, ya həmin sahələrdə məlumatlandırmanın zəif olduğunu, ya da ümumiyyətlə cəmiyyətin hələ də ali təhsilə həddindən artıq fokuslandığını göstərir. Halbuki əmək bazarının real ehtiyaclarına baxanda peşə təhsilinin rolu getdikcə artır. Ümumilikdə mən deyərdim ki, fondun fəaliyyəti doğru istiqamətdədir və artıq nəticə verir. Amma növbəti mərhələdə əsas diqqət yalnız say artımına yox, keyfiyyətə, əlçatanlığa və məzun sonrası dayanıqlılığa yönəlməlidir. Yəni məqsəd sadəcə kredit vermək yox, o tələbənin həyat trayektoriyasını uğura çevirmək olmalıdır.