Təklif:“Universitetlər təhsil haqqını hissə-hissə alsınlar”

“Azərbaycan universitetləri yaxşı olar ki, ödənişli əsaslarla qəbul olunan tələbələrdən illik təhsil haqqını həmişə olduğu kimi tam yox, hissə-hissə alsınlar. Pandemiya dövründə bunu nəzərə almaq gözəl olardı”.Bu sözləri təhsil eksperti Elçin Əfəndi deyib. 
Təklifi barədə daha ətraflı “Sherg.az”a danışan mütəxəssisin fikrincə, bu, tam realdır: 
“Çətin bir şey yoxdur. Sadəcə qaldırdığım məsələ tələbələrlə universitet arasında imzalanan müqavilədə öz əksini tapmalıdır. Və qarşılıqlı etimad əsasında həyata keçirilməlidir. Yəni illik təhsil haqqının iki yerə bölünərək ödənməsi mümkündür. Daha çox güzəşt edən, əlbəttə, ali məktəb olmalıdır”.

E.Əfəndi, həmçinin vurğulayıb ki, ali təhsil müəssisələri pandemiya şəraitini nəzərə almalıdır: 

“Tədrisin distant formaya keçidi ilə əlaqədər olaraq illik ödənişlərin aşağı düşəcəyi gözlənilirdi. Çünki təhsil müəssisələri kommunal xərclərdən azad olundu. Amma təəssüf ki, gözləntimiz özünü doğrultmadı. Əksinə, bəzi universitetlər təhsilhaqlarını artırdılar. Heç olmasa, indi bu formada güzəşt edə bilərlər”.