Məktəblərdə mobil telefonlar qəti şəkildə qadağan edilir artıq. Yeni tədris ilindən etibarən şagirdlərə məktəbdə, xüsusən dərs zamanı mobil telefon və digər elektron cihazlardan istifadəyə icazə verilməyəcək. Lakin şagrdlər şəxsi telefonlarını özləriylə gətirə biləcək, bu şərtlə ki telefonlar dərs saatları müddətində xüsusi ayrılmış yerdə, dolablarda saxlanacaq. Ona görə belə qərara gəlinib ki, hər hansı zəruri hallarda şagird valideyni ilə əlaqə saxlaya bilsin. Yaxud da müəllim şagirdin valideyni ilə əlaqə yarada bilsin. Bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi qərardır.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirdi ki, bu qərar vacib əhəmiyyət daşıyır: 
- Çünki son dövrlərdə biz müşahidə edirdik ki şagirdlər sinifdə, dərs zamanı telefondan istifadə etdikləri zaman fikirləri yayınır, nəticədə təhsil göstəriciləri aşağı düşür. Nəzərə alaq ki, belə bir qərar təkcə bizim ölkədə deyil, təhsilin yüksək olduğu ölkələrdə, MDB məkanı, həmçinin Türkiyədə də qəbul olunub və tətbiq edilir. Bizdə də tətbiqinə başlanması düşünürəm ki, təhsil göstəricilərinə müsbət təsir edəcək. Yeni tədris ilindən etibarən şagirdlər dərsin gedişatında mobil telefonlardan, elektron cihazlardan istifadə edə bilməyəcəklər. Yalnz zəruri halda, ehtiyac yaranarsa, məktəbin özünün avadanlıqları, proyektor və sairlərdən təhslverən tərəfin iştirakı ilə tətbiq ediləcək. Amma şagirdlərin özlərinin fərdi telefonlardan istifadəsi isə məhdudlaşdırılır. Bu da təhsilin keyfiyyətinin yüksəlməsinə rəvac verəcək bir qərardır.