“Əlbəttə, bütün məktəblər bir qayda olaraq, bu qaydanın tətbiqinə maraqlı olacaqlar”
“Əks halda istər məktəb rəhbərliyi, istərsə də digər əməkdaşlar özlərini pis vəziyyətə salmamaq üçün bu qaydaya getməyəcəklər”
Təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində şagirdlərin dərs zamanı telefon işlətməsinə münasibət bildirib. Mövzu bağlı jurnalistlərə açıqlama verən nazir deyib:
"İndi hamının cibində bir telefon var. Uşaqlar isə həmişə məktəbdə nadinclik edib. Siz də oxuyanda edib. Əgər desəniz etməyib, mən sizə inanmaram. Bizim də vaxtımızda ediblər. Ona görə də şagird nadincliyinin video lentə alınıb xəbər başlıqlarında yazılmasında iki şey dəyişib: Onun videoya çəkilməsi və xəbər başlığına çıxarılması. Əvvəllər bu, baş vermirdi. Amma şagird nadincliyi baş verirdi. Ona görə də cəmiyyətimizdə çox da böyük bir dəyişiklik baş verməyib. Telefonların yığılmasına gəlincə, bu məktəblərin daxili qaydaları ilə tənzimlənir. Bu şagirdlərə, müəllimlərə bir inam məsələsidir. Bu mərkəzləşmiş bir qaydada qərarla tənzimlənir. Telefon müəyyən mənada şagirdə lazımdır ki, valideyn onu axtarır, əlaqə vasitəsidir. Şagirdlərdən telefonların yığılması ilə bağlı məktəblər özləri qərar verə və icra edə bilərlər".
Şagirdlərdən telefonların yığılıb-yığılmaması məsələsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirib ki, bu barədə vahid qayda olmalıdır:
“Bütün təhsil müəssisələrində bu qaydanı tətbiq etsək, bu daha məqsədəuyğun hesab oluna bilər. Çünki ümumi qayda olmadığı halda, hər hansı bir məktəb tərəfindən tətbiq olunarsa, valideyn və şagird tərəfindən həmin məktəb rəhbərliyinə qarşı “başqa məktəblərdə tətbiq olunmur, niyə siz tətbiq edirsiniz?” kimi arqumentlərdən istifadə olunacaq. Amma dərs zamanı telefonlar yığışdırılması müvafiq mərkəzi orqan tərəfindən təsdiqlənərsə, əlbəttə, bütün məktəblər bir qayda olaraq, bu qaydanın tətbiqinə maraqlı olacaqlar. Əks halda istər məktəb rəhbərliyi, istərsə də digər əməkdaşlar özlərini pis vəziyyətə salmamaq üçün bu qaydaya getməyəcəklər. Düzdür, Bəzi məktəblərdə telefonların yığışdırlması qaydası məktəb rəhbərliyi tərəfindən tətbiq olunur. Amma bu çox azdır. Nəzərə alsaq ki, ölkədə fəaliyyət göstərən 4430-un üzərində məktəb var. Bu məktəblərin hər birində yox, yalnız istisna hallarda telefonlar yığılır. Amma ümümi qaydada hər birində yığılması üçün mərkəzi orqanın mütləq qaydada bir qərarı olmalıdır”.
Ekspert hesab edir ki, bunu hüquqların məhdudlaşdırılması kimi qiymətləndirmək olmaz:
“Bu qərar bəzən hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilir, amma mən belə düşünmürəm. Çünki burada qərar hüquqların məhdudlaşdırılmasından daha çox şagirdin dərsə, oxumağa meyl etməsinə əsaslanır. Demirik ki, şagird bütün gün ərzində telefondan istifadə etməsin. Sadəcə dərs zamanı şagird telefondan uzaq qalmalıdır. Amma biz son dövrlər bunu müşahidə etmirik. Şagirdlər demək olar ki, telefonla məşğul olur. Xüsusilə yuxarı sinif şagirdləri dərs zamanı müvafiq oyunlarla məşğul olurlar. Bunun qarşısını almaq üçün ümumi qaydaya ehtiyac var”.
E.Əfəndi telefondan istifadənin şagirdlər üçün müsbət və mənfi tərəflərini açıqlayıb:
“Mobil telofondan istifadə etməyin müsbət halını yalnız distant forma, yəni uzaqdan idarə olunan dərslər zamanı görə bilərik. Hazırda ölkəmizdə elə bir hal yoxdur. Şagirdlər ənənəvi qaydada dərslərinə davam edirlər. Şagirdin telefondan istifadə etməsinin üsyünlüyü yalnız valideyni ilə əlaqə saxlamasıdır. Amma müsbət olmayan tərəfləri çoxdur. Yuxarıda da qeyd etdiyim kimi dərsin gedişatında müxtəlif əyləncələr üçün işlər görürlər, məsələn video çəkirlər, oyun oynayırlar və.s. Bunlar yolverilməzdir. Şagird dərs zamanı yalnız biliyin əldə edilməsinə çalışmalıdır. Əks halda əlbəttə, telefonlar onlara müvafiq biliklərin əldə etməsinə imkan verməyəcək. Azərbaycan təhsil müəssisələrində təxminən 1 milyon 600 minə yaxın şagird təhsil alır. Bu şagirdlərin hər biri dərs zamanı mobil telefondan istifadə edərsə, biz gələcək üçün ziyalı, istedadlı gənclər yetişdirməkdə əziyyət çəkəcəyik. Demirəm ki, hər kəs oxumalıdır. 1 milyon 590 min şagirddən ən azı 90 mini oxumursa, biz 1 milyon 500 minini oxutmalıyıq”.
Çimnaz ŞAHLAR