"Ümid edirəm ki, Dövlət Agentliyi problemin həllində iştirak edəcək"
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu doğma yurdu Yardımlıya səfəri zamanı peşə məktəbinin acınacaqlı durumda olduğunu görüb. Sosial şəbəkə hesabında bu barədə məlumat paylaşan naşir qeyd edib ki, peşə məktəbinin binası uçuq-sökükdür, uzun illəridir təmir edilmədiyi aydın görünür. Sinif otaqları soyuq, təmirsizdir, normal tədris keçilməsi üçün heç bir şərait yoxdur. Vəziyyət o həddə çatıb ki, şagirdlər isinmək üçün çölə çıxır. Otaqların tavanı tökülür, divarlar uçmaq üzrədir. Ş.Xuduoğlu yeniyetmələrin müəyyən ixtisaslara yiyələnməsi üçün vacib olan belə bir təhsil-peşə məktəbinin acınacaqlı halda olmasından təəssüfləndiyini ifadə edib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi isə “Sherg.az”a açıqlamasında bildirdi ki, əgər hansısa peşə məktəbində infrastruktur baxımından vəziyyət acınacaqlıdırsa, şagirdlərin normal tədris keçməsinə şərait yoxdursa, problemin aradan qaldırılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müvafiq işlər görülməlidir:
- Həmin müəssisədə təhsil alanlar və təhsil verənlərin həyatı üçün təhlükə varsa, yeni bina tikilməli, yaxud da bina əsaslı təmir edilməlidir. Bunun üçün də Agetnlik tərəfindən müvafiq tapşırıq verilməlidir, tikinti və ya podratçı şirkətə. Dövlət başçısı tərəfindən peşə təhsilinə xüsusi önəm verilir. Son zamanar cənab Prezident tərəfindən imzalanan sərəncamlar da göstərir ki, dövlət ixtisaslı kadrların hazırlanmasında maraqlıdır. İmzalanan sərəncamlara əsasən 2028-ci ilədək müxtəlif bölgələrdə peşə təhsili məktəblərinin tikintisi nəzərdə tutulur. Peşə məktəblərinin bölgələrdə olması gənclərin müxtəlif sahələr üzrə bilik və bacarıqlarının formalaşmasına, həmçinin rayonun ümumi inkişafına mühüm töhfə vermiş olar. O cümlədən də Yardımlıda. Peşə məktəblərinin vəziyyəti daim araşdırılmalı, yoxlanmalı, çatışmazlıqlar aradan qaldırılmalıdır. Ümid edirəm ki, Dövlət Agentliyi problemin həllində iştirak edəcək.