Yeni dalğalar gözlənilir:“Ali məktəblər hibrit tədrisə keçə bilər”

“Qeyri-ixtisas fənlərinin onlayn tədrisi sıxlığın yaranmasının qarşısını alar”

“İki milyona yaxın insan birdən-birə hərəkətdə olacaq” 

“Bütün qabaqlayıcı tədbirlər görülməli, hər kəs proseslərdə fəal iştirak etməlidir ki, növbəti dəfə qapanmaya getməyək”

Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə uzunmüddəti fasilədən sonra Azərbaycanda tədrisin əyani şəkildə bərpa olunacağını bildirib: «Sentyabrın 22-dən birinci siniflərdə, sentyabrın 29-dan isə  5-ci və 11-ci siniflər, orta və ali ixtisas məktəblərində tədris ənənəvi olaraq başlayacaq”.

Nazirliyin qərarını “Sherg.az”a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu, böyük məsuliyyətdir: 

“Bəzi ölkələr həmin məsuliyyəti götürməkdən boyun qaçırdı. Azərbaycan isə tədrisin keyfiyətini nəzərə alaraq belə bir qətiyyətli qərar verdi. Bu, Azərbaycan təhsili üçün fövqəladə və alqışlanası addımdır.

Nəzərə almaq lazımdır ki, distant tədris zamanı şagirdlər, xüsusilə ibtidai sinifdə oxuyanlar keyfiyyətli təhsildən məhrum olurdular”.

 K.Əsədov onu da əlavə edib ki, arxayınlaşmaq olmaz:

“Bu, pandemiyanın bitməyi demək deyil. İki milyona yaxın insan birdən-birə hərəkətdə olacaq. Yeni dalğalar gözlənilir. Deməli, təhsil müəssisələrinin, o cümlədən universitetlərin öhdəsinə böyük məsuliyyət düşür. Orta və ali məktəbləri indidən müəyyən cihazlarla təmin etmək lazımdır. Hər kəs karantin qaydalarına riayət etməlidir.

Məhz sıxlığın yaranmaması üçün orta məktəblərdən fərqli olaraq, ali məktəblərdə təhsilalanlar qruplara bölünəcəklər. Fikrimcə, ali məktəblərdə hibrit tədris metodundan istifadə oluna bilər.

Belə ki, heç də bütün fənlərin əyani tədrisi vacib deyil. Qeyri-ixtisas fənlərinin onlayn tədrisi sıxlığın yaranmasının qarşısını alar. Ümumiyyətlə, bütün qabaqlayıcı tədbirlər görülməli, hər kəs proseslərdə fəal iştirak etməlidir ki, növbəti dəfə qapanmaya getməyək”.