Yeni qayda: “III ixtisas qrupu üzrə alt qruplar yaradılır” – 3 minə yaxın plan yeri...

“Plan yerlərinin artırılması ali təhsil müəssisələrinə daha çox abituriyentin qəbul olmasını təmin edəcək”.
Bu barədə “Sherg.az”a ali məktəblərə yeni qəbul qaydaları ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov bildirib. 
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbulla bağlı cari ildə edilən dəyişikliyə əsasən III ixtisas qrupu üzrə alt qruplar yaradılır: 
“Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər alt qrupu seçərək əlavə 15 manat ödəyib coğrafiya fənnindən imtahan verəcəklər. Bunun nəticəsində də III ixtisas qrupuna əlavə edilən Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisaslarına qəbul olmaq imkanı əldə edəcəklər. 
Hər il ən ciddi rəqabət III qrupda olurdu. Burada 18 minə yaxın abituriyent müsabiqə şərtini ödəyirdi. Onların yalnız 12 mini tələbə adını qazanırdı.
 Bu da yüksək bal toplayan, müsabiqə şərtini ödəyən şəxslərin kənarda qalmasına gətirib çıxarırdı. Edilən dəyişiklikdən sonra III qrup üzrə 3 minə yaxın plan yeri əlavə olunacaq.
Bu da həmin qrup üzrə ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarını artıracaq. Eyni zamanda indiyə qədər Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisaslarında boş yerlər qalırdı. 
İndi isə universitetlər plan yerlərini rahatlıqla dolduracaq. Yekundə həmin universitetlərin maliyyə vəziyyəti də yaxşilaşacaq”.
Xanlar ƏLİBƏY