- “Yüksək sürətli interneti daha sərfəli qiymətlərlə təqdim etmək lazımdır”
Azərbaycan genizolaqlı internetin median sürəti üzrə 3 pillə daha irəliləyib, amma provayderlər abunəçilərə yüksəksürətli paketləri verməkdə hələ də xəsislik edirlər.
Bu barədə fikirlərini bildirən informasiya-kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, bütün ölkəni əhatə edən 1 Gbit/s-lik infrastruktur qurulmasına baxmayaraq provayderlər abunəçilərə yüksəksürətli paketlər təqdim etmir:
- Bütün dünyada və xüsusilə media sürəti bizdən yüksək olan ölkələrdə yüksəksürətli paketlər digərlərinə nisbətən daha sərfəli təqdim edilir. Minimal sürət paketləri 250-300 Mbit/s sürətlərlə başlayr. Bizdə isə tərsinədir. Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar. Mənim ehtimalım odur ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20% civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar. Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar.